goy mescid 12 scaled

Globalinfo.az deputat Elçin Mirzəbəyli ilə müsahibəni təqdim edir:

– Elçin bəy, 44 günlük İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror əməliyyatları “Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Dağlıq Qarabağ etapını” bitirdi. Bu gün biz sadəcə “Ermənistan-Azərbaycan” münaqişəsindən danışırıq. İki ölkə arasında sülh prosesi davam edir. Qərbi Azərbaycana qayıdış bu gün bu prosesin hansı hissəsindədir?

– Əslində Azərbaycan torpaqları işğal altında olan zamanda da “Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi” deyilən hüquqi bir anlayış yox idi. Bu, işğal prosesini uzatmaqla Azərbaycanı təslimçi sülhlə barışdırmaq istəyən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və İrəvanın digər himayəçilərinin uydurduğu siyasi məzmunlu termindən başqa bir şey deyildi. Digər tərəfdən, danışıqlar prosesində, yazışmalarda və sənədlərdə bu “Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi” anlayışı ingilis dilində təqdim olunurdu, yəni “Armenian-Azerbaijani Nagorny Karabakh conflict” yazılır və deyilirdi. Bir qayda olaraq, transmilli media və “beynəlxalq” təşkilatlar həm ingilis, həm də digər dillərdə “konflikt” sözündən istifadə edirdilər. “Konflikt” sözü isə heç də hər zaman “münaqişə” anlamını vermir.

“Konflikt” sözü istifadə olunduğu fikrin, cümlənin mahiyyətinə uyğun olaraq, hətta “fikir ayrılığı” kimi də qəbul oluna bilər. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Ermənistan tərəfindən işğalının adı elə işğal idi, vəssalam. Prosesin başlanğıcında silahlı, aqressiv separatizm amili olsa da, hətta separatizmin özü belə Azərbaycan ərazilərinin işğalı və Ermənistana birləşdirilməsi üçün vasitədən başqa bir şey deyildi. Bu gün də Ermənistan konstitusiyasında “erməni xalqı və dövlətinin qarşısına vəzifə” kimi qoyulan, Ermənistanın müstəqillik bəyannaməsinin preambula hissəsində yer alan məqamlar da bunu sübuta yetirir. Yəni Ermənistanın müstəqillik bəyannaməsində Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistana birləşdirilməsindən danışılır, Ermənistan konstitusiyasında isə qeyd olunur ki, müstəqillik bəyannaməsində yer alan bütün məsələlərin gerçəkləşməsi erməni xalqı və dövlətinin vəzifəsidir.

Hazırda “Ermənistan-Azərbaycan münaqişəsi” deyilən bir anlayış da yoxdur. Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini bərpa edib, işğala son qoyub. Amma sülh müqaviləsi imzalanmadığı üçün indi sadəcə iki dövlət arasında müharibə vəziyyətinin davam etdiyindən danışmaq olar. Sülh müqaviləsinin imzalanması üçün isə, Ermənistan bütün hüquqi-normativ aktlarından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalı və indiki Ermənistan ərazisindən, tarixi Azərbaycan torpaqlarından qovulan azərbaycanlıların öz evlərinə ləyaqətli və təhlükəsiz qayıdışını təmin etməlidir. Bu isə o deməkdir ki, Qərbi azərbaycanlıların öz evlərinə qayıtması ilə bağlı məsələ sülh prosesinin əsas düyün nöqtəsindədir.

Elcin mirzəbəyli

Elçin Mirzəbəyli

– Müasir dünya siyasətində tək qalmaq, ya da tək hərəkət etmək mümkünsüzdür. Qərbi Azərbaycan həqiqətləri, reallıqları və soydaşlarımızın ata-baba yurdlarına qayıdışı kimi məsələlərdə əməkdaşlıq təbliğat tələb edir. Türk dünyası, türkdilli dövlətləri ilə bu sahədə əməkdaşlıq bizə hansı dividentləri qazandıra bilər?

– Əslində müasir dünyanın reallıqlarında ədalətin də, istibdadın da yeganə simvolu gücdür. Güc xeyirə xidmət edəndə ədaləti, şərə qulluq edəndə isə istibdadı simvolizə edir. Dünyada elə bir dövlət yoxdur ki, azərbaycanlıların indiki Ermənistan ərazisindən dəfələrlə qovulduğunu, hətta indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında “yaradıldığını” bilməsin. Amma vaxtilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını müxtəlif bəhanələrlə açıq şəkildə dilə gətirməkdən yayındıqları kimi, Qərbi azərbaycanlılarla bağlı tarixi həqiqətləri də manipulyasiya edir, yaxud görməzdən gəlirlər. Bu səbəbdən də ədaləti tələb etməkdən daha çox, təmin etmək haqqında düşünməliyik və zənnimcə düşünürük də.

Soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı xalqımızın vahid milli ideyasının ayrılmaz bir parçasıdır. Bu həm də Türk dünyasının milli ideyasıdır. Çünki Türk dövlətlərini birləşdirən quru yolu, məhz Qərbi Azərbaycandan keçir. Qərbi Azərbaycan bütün türk xalqlarının müqəddəs torpaqlarının bir parçasıdır. Əl-Əqsa məscidi müsəlmanlar üçün nədirsə, İrəvandakı Göy məscid də müsəlman türklər üçün odur. Düşünürəm ki, anlayan nə dediyimi anladı. Türk dövlətləri türklüyün haqqı olan bütün məsələlərdə ortaq mövqedən çıxış etməlidirlər. Bunu bizim bu günümüz və gələcəyimiz tələb edir.

– Qərbi Azərbaycana dönüş məsələsi artıq xəyaldan reallığa çevrilməyə başlayıb. Bu baş verərsə, soydaşlarımızın təhlükəsizliyi, təhsil haqları, siyasi təmsilçilik hüququ, təşkilatlanması kimi məsələlər sizcə, necə tənzimlənməlidir?

– Qayıdış təmin ediləcəyi təqdirdə, şübhəsiz ki, bütün bu kimi məsələlərin həlli üçün heç bir problem olmayacaq. Təbii ki, hər şey qayıdış prosesinin necə və hansı hüquqi-siyasi müstəvidə təmin edilməsindən asılıdır. Hazırda öz tarixi vətənlərinin müstəqil hüququn yeganə subyekti olan hissəsində yaşayan Qərbi azərbaycanlılar şübhə etmirəm ki, nəinki siyasi təmsilçilik hüquqlarını realizə edə, hətta Ermənistanın özünü bir ölkədə bu günədək mövcud olan bütün siyasi qüvvələrdən və hakimiyyətlərdən dəfələrlə yaxşı idarə edə bilərlər.

Qayıdış prosesinə gəldikdə isə reportasiya prosesi bir qayda olaraq, ölkələrin öz qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Əksər ölkələrdə, demək olar ki, mövcud dövlətlərin mütləq əksəriyyətində reportasiya milli mənsubiyyətindən asılı olmayaraq, əcdadları həmin ölkədə yaşayan hər kəsə şamil edilir. Ermənistan konstitusiyasında və bu ölkənin “Vətəndaşlıq haqqında” qanununda yalnız erməni millətindən olan şəxslərin reportasiya hüququnun təmin edilməsi nəzərdə tutulub ki, bu da ultramillətçi, nasist bir yanaşmadır və fundamental insan hüquq və azadlıqları ilə bağlı bütün beynəlxalq sənədlərə ziddir. Digər tərəfdən, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı fərqli hüquqi yanaşma tələb edir. Çünki onlar öz evlərindən zorla qovulublar, əmlakları qanunsuz olaraq müsadirə olunub, hüquqları kobud şəkildə pozulub. Yəni onlara münasibətdə etnik təmizləmə siyasəti həyata keçirilib ki, onların öz evlərinə qayıdışı da məhz bu hüquq pozuntularının aradan qaldırılması yolu ilə həyata keçirilməlidir.

– Elçin bəy, Ermənistanın Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı yanaşması ürəkaçan deyil. Hətta hazırda erməni lobbisi diasporu və kilsəsi aktiv şəkildə bu məsələni dünya ictimaiyyətindən ya gizlətməyə ya da əks-mövqe yaratmağa çalışır. Bu proses əleyhinə Azərbaycan hansı addımlar ata bilər?

– Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlayan, viran qoyan, azərbaycanlılara qarşı soyqırım və digər müharibə cinayətləri həyata keçirən Ermənistandan Qərbi azərbaycanlıların öz evlərinə qayıdışına müsbət yanaşacağını gözləmək sadəlövhlük olardı.

Ermənistan siyasi müstəvidə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də daha öncə qeyd etdiyim kimi, öz hüquqi-normativ aktlarında hələ də ölkəmizə qarşı ərazi iddialarını qoruyub saxlayır. Ermənistanın hərbi doktrinasında hələ də “Arsax”ın təhlükəsizliyinin təmin edilməsi” kimi absurd iddialar qalmaqdadır. Belə olduğu təqdirdə şübhəsiz ki, Qərbi azərbaycanlıların öz evlərinə qayıdışı Türk dünyasının vahid milli ideyalarından və haqlarından biri kimi təqdim olunmalı, soydaşlarımızın hüquqlarının qorunması ilə bağlı məsələ bütün beynəlxalq platformalarda, həm də davamlı və sistemli şəkildə qaldırılmalıdır.

– Türk dövlət təşkilatı son illərdə mühüm irəliləyiş əldə edib. Biz hətta Şimali Kipr məsələsində təşkilatın gündəliyinə salındığını gördük. Qərbi Azərbaycan məsələsi TDT gündəliyinə salına, ya da icmaya bu və ya başqa formada təşkilatda yer verilə bilər?

– Düşünürəm ki, Şimali Kiprlə bağlı məsələ müstəvisində Qərbi azərbaycanlıların öz evlərinə qayıdışını müqayisə etmək doğru deyil. Kipr türklərinin əhəmiyyətli hissəsi öz vətənlərində, evlərində yaşayırlar, dövlətləri var. Bu dövləti Türkiyədən başqa heç bir dövlət tanımasa da belə bütün idarəçilik institutları, hətta bir çox ölkələrin həsəd apara biləcəyi səviyyədədir. Qənaətimə görə, Türk Dövlətləri Təşkilatında icmaların təmsil olunması üçün də imkan yaradılmasıdır. Çünki TDT müstəqil dövlətlərinin, yaxud muxtar hüquqlarının olmasından asılı olmayaraq, bütün dünya türklərini birləşdirən platformadır.

Düşünürəm ki, təkcə Qərbi azərbaycanlıların deyil, digər türk topluluqlarının da TDT-də hansısa bir formada təmsil olunmalarına, dünya türklərinin mədəni-mənəvi birliyinin onların yaşadıqları hər yerə şamil edilməsinə imkan yaradılmalıdır.

Məqalə “Qlobal Media və Siyasət Araşdırmaları” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycan mövzusu Mərkəzi Asiyada” adlı layihə çərçivəsində dərc olunub.

Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Turan Rzayev
Globalinfo.az

Paylaş: