Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə görüşüb.
Bu barədə Globalinfo.az-a XİN-dən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və İran arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar sahələri üzrə birgə layihələr, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasının yüksək səviyyədə təşkilinə, habelə Təşkilata uğurlu sədrliyə görə İran tərəfini təbrik edib.
Nazir iki ölkə arasında tarixi qonşuluq, dostluq, mədəni bağlara əsaslanan əməkdaşlığın inkişafında ali və yüksək səviyyəli dialoqun, qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsinin vacibliyini qeyd edib.
Xüsusilə energetika və nəqliyyat dəhlizləri sahəsində Azərbaycan-İran əməkdaşlığının inkişafı istiqamətində bir sıra vacib təşəbbüslərin həyata keçirildiyi, əldə olunan razılıqların və onların icrasının əhəmiyyəti qeyd olunub. İran ərazisindən keçərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Şərqi Zəngəzur iqtisadi bölgəsini əlaqələndirəcək regional nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb.
Regional və beynəlxalq çoxtərəfli platformalar, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***16:28
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 28-ci Nazirlər Şurası çərçivəsində İranın xarici işlər naziri Abbas Araqçı ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Xarici işlər nazirləri, Azərbaycan-İran əməkdaşlığından irəli gələn iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiya, enerji təhlükəsizliyi sahələrindəki məsələləri, eləcə də birgə təşəbbüslər və layihələri müzakirə ediblər.
Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında əlaqələrin ən qısa zamanda başa çatdırılmasının və əldə olunan razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.