Məsud Pezeşkianın İranda prezident seçkilərində namizədlər siyahısına düşməsi heç də onun seçkiyə buraxılacağı anlamına gəlmirdi. Həm islahatçılar, həm də mühafizəkarlar onun seçkiyə buraxılmayacağına əmin idilər. Müxtəlif müzakirə və debatların sonunda Pezeşkian seçkiyə buraxıldı və hətta proqnozların əleyhinə olaraq prezident seçildi”.
Bu fikirləri Globalinfo.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
Onun sözlərinə görə, bu dəfə skeptiklər yeni seçilmiş prezidentin İranın xarici siyasətinə təsir etmək imkanı olmadığı barədə tezislər irəli sürməyə başladılar:
“Bunun nə qədər doğru olub-olmayacağını Pezeşkian öz fəaliyyəti ilə hələ ortaya qoya bilməyib. Amma buna baxmayaraq onun əleyhdarlarının digər iddiaları artıq bizim gözümüzün önundə iflasa uğramaqdadır”.
Politoloq xatırladıb ki, dünən İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib:
“Görüş zamanı Pezeşkian bu vaxta qədər heç bir İran prezidentinin Azərbaycan haqqında səsləndirmədiyi fikirlər söyləyib. Bu fikirlər və bəyanatlar artıq onun Azərbaycanla münasibətləri inkişaf etdirmək istiqamətdə heç bir maneədən çəkinmədiyini sübut edir. Onun səsləndirdiyi fikirləri Azərbaycan-İran münasibətlərində yeni səhifənin açılması kimi qiymətləndirənlər də var. Düşünülür ki, Pezeşkianın bu qəbildən olan bəyanatları getdikcə daha çox artacaq və onların həyata keçirilməsi istiqamətində tədbirlər görüləcək.
“Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur. Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir. Biz Azərbaycanla daha yaxın olmalıyıq. Biz Azərbaycanla daha böyük işlər görməliyik. Düşmənlərin bizim münasibətlərə mane olmasına əsla imkan verməməliyik” – bu İran Prezidentinin Azərbaycan haqqında verdiyi bəyanatdan kiçik bir hissədir. Bu bəyanatla İran prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə yaxın gələcəkdə baş tutacaq görüş üçün həm də zəmin hazırlamış olur”.
Əlimusa İbrahimov
Əlimusa İbrahimov bu görüşdə iki azərbaycanlı prezidentin verdiyi mesajların məzmununun nədən ibarət olacağına aydınlıq gətirib:
“Hesab edirəm ki, Pezeşkiana da öz növbəsində Azərbaycan tərəfindən heç bir İran prezidentinə göstərilməyən hörmət və izzət göstəriləcək. İlham Əliyev özünə, onun millətinə edilən yaxşılığın əvəzini artıqlaması ilə ödəyən müdrik dövlət başçısı və siyasi xadimdir.
Çox maraqlıdır ki, İran rəsmi dövlət agentlikləri, Ermənistandakı kütləvi informasiya vasitələri kimi İran prezidentinin Azərbaycanla bağlı isti mesajlarını öz səhifələrinə daşımayıblar. Bu da İranda Ermənistanla həmrəy olan qüvvələrin hələ də öz mövqelərini qorumasının sübutudur. Amma Pezeşkian bu qüvvələrdən çəkinmir və ya onlar prezidentin Azərbaycanla bağlı bəyanatlarının işdə tətbiq edilməsinə mane ola biləcəklərmi?
İstənilən dövlət rəhbəri arxasında dayana biləcəyi bəyanatlar səsləndirir ki, onun imici bu bəyanatlardan qazansın. Eləcə də Pezeşkian ətrafında olan Azərbaycan düşmənlərinin qüvvəsinə çox gözəl bələddir. O, bu düşmənlərin maneəsini yarmaq gücünü özündə görür. Çünki 35-40 milyonluq türk toplumu onun arxasındadır.
Ümid edirik ki, 79-cu ildən bəri Azərbaycanla bağlı heç bir İran prezidentinin dilindən eşidilməyən yeni bəyanatlar səsləndiriləcək”.
Safura Bənnayeva
Globalinfo.az














