4 oktyabr – Cəbrayıl şəhəri günüdür. Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 4 il ötür.
2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, cəbrayıllılar uzun müddətdir, bu anın gəlib çatmasını gözləyirdilər:
Ceyhun Məmmədov
“Şəhərin işğaldan azad edilməsinin ardınca Qarabağın digər əraziləri kimi Cəbrayılda da böyük quruculuq-bərpa işləri aparılıb. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən bir müddət sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Həmin vaxtdan şəhərimizdə Azərbaycan bayrağı dalğalanır.
Görülən quruculuq işləri çərçivəsində Prezident İlham Əliyev bu yaxınlarda Cəbrayıla səfər etmiş, hazırkı vəziyyətlə yaxından tanış olmuşdur. “Böyük Qayıdış” konsepsiyası çərçivəsində cəbrayıllılar da öz doğma torpaqlarına qayıdır. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə böyük quruculuq və bərpa işləri sürətlə davam etdirilir. Cəbrayıl bu gün ölkənin ən gözəl, abad ərazilərdindən birinə çevrilib”.
Safura Bənnayeva
Globalinfo.az














