“ABŞ kəşfiyyatı hesab edir ki, Ukraynaya uzaq məsafəni vuran raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verilməsi Vaşinqton üçün ağır nəticələrə səbəb olacaq. Kəşfiyyat Moskvanın buna cavab olaraq Kiyevin müttəfiqlərinə hücum edə biləcəyini proqnozlaşdırır”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Nyu York Tayms” qəzeti öz mənbələrinə istinadən çıxış edib.
Nəşr yazır ki, Rusiya bu addımların qarşılığında Avropada diversiya təşkil edə, Vaşinqton və müttəfiqlərinin hərbi bazalarını vura bilər. Həmçinin Moskvanın Avropadakı müxtəlif məntəqələrdə yanğınlar təşkil edə biləcəyi də qeyd olunub. Kəşfiyyatın məlumatına görə, belə məxfi əməliyyatlarla Rusiya Baş Kəşfiyyat İdarəsi özü üçün daha genişmiqyaslı konflikt riskini azalda bilər.
Kəşfiyyatın hesabatında qeyd olunur ki, hətta Ağ Ev Ukraynaya həmin raketlərlə Rusiya ərazisini vurmağa icazə versə belə, Kiyevin müharibənin gedişini dəyişmək üçün yetərli silahı yoxdur. Üstəlik, bu icazədən sonra Moskvanın ilk növbədə silah anbarlarının, komanda məntəqələri, zərbə vertolyotları və digər vacib hərbi obyektlərinin yerlərini dəyişəcəyi bildirilib.
Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenski Qərbdən ona Rusiyanın dərinliklərinə zərbə endirməyinə izin verməsini istəyib. Lakin ABŞ hələlik buna reaksiya vermir. V.Zelenski iddia edir ki, hazırkı addımlar Ukraynanı müharibədə qələbəyə düşünüləndən daha sürətlə yaxınlaşdırır.
Əliyar Xəlil
Globalinfo.az