“İqtisadi əməkdaşlıqla yanaşı, BRİKS-ə üzv olan ölkələr yeni təhlükəsizlik sistemi yarada bilərlər”.
Globalinfo.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Əkbər Əhmədian deyib.
O, beynəlxalq təşkilat çərçivəsində xüsusi təhlükəsizlik strukturunun yaradılmasını təklif edib.
“Mənim təklifim terrorizm, ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, süni intellekt və peyklər kimi yeni texnologiyalardan sui-istifadə hallarına, habelə insan alveri, qeyri-qanuni bioloji fəaliyyət kimi ümumi təhdidlərə qarşı mübarizə məqsədilə BRİKS üçün xüsusi təhlükəsizlik strukturunun yaradılmasıdır. BRİKS-ə üzv dövlətlər iqtisadi əməkdaşlıqla yanaşı, mövcud beynəlxalq təhlükəsizlik sisteminin zəif tərəflərini aradan qaldırmaq üçün dünyada yeni təhlükəsizlik sistemi yarada bilərlər”, – deyə Əhmədian vurğulayıb.
Qeyd edək ki, BRİKS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.
Müşviq Tofiqoğlu
Globalinfo.az














