Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə 26 avqust – Laçın Şəhəri Günü ikinci dəfə təntənə ilə qeyd olunur.
Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, tədbirdə doğma yurda qayıdan laçınlılarla yanaşı, rəsmilər, mədəniyyət xadimləri və digər qonaqlar iştirak edirlər.
Şəhər günü Laçının dörd məkanında – Bayraq meydanı, “Lacinema” kinoteatrı, seyrəngah və Həkəri çayının sahilində gerçəkləşir.
Bayraq meydanında təşkil edilən açılış mərasimində əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın Şəhəri Günü münasibətilə sakinləri və tədbir iştirakçılarını təbrik edib. Qeyd olunub ki, artıq ikinci dəfədir keçirilən Laçın Şəhəri Günü Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis olunub. “Otuz ilə yaxın işğal dövründə düşmən Laçın şəhərini xarabalığa çevirmişdi. Laçının azad olunmasından başlayaraq qısa dövr ərzində burada geniş miqyaslı bərpa-quruculuq işləri aparılıb. Hazırda Laçın şəhərinin əvvəlki əzəməti bərpa edilir”, – deyə M.Məmmədov bildirib.
Digər çıxış edənlər Laçının füsunkar təbiətindən söz açıb, bayram münasibətilə şəhər sakinlərinə xoş arzularını çatdırıblar.
Tədbirdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri tərəfindən vətənpərvərlik ruhlu musiqilər ifa edilib. Daha sonra hərbi orkestrin müşayiəti ilə tədbir iştirakçılarının “Lacinema” kinoteatrına yürüşü olub.
Zəngin proqramı olan Laçın Şəhəri Günü rəngarəng tədbirlərlə gün ərzində davam edəcək.
***00:14
Bu gün Azərbaycanda 26 avqust – Laçın Şəhəri günüdür.
Globalinfo.az xəbər verir ki, Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altında keçib.
Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, 26 avqust – Laçın Şəhəri günü kimi təsis edilib.
Şəhər günləri təntənəli şəkildə qeyd olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü il avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Dövlət başçısı tədbirdə çıxış edib.
Qeyd edək ki, Azərbaycanın Vətən müharibəsində döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapıb, Ermənistan Ağdam və Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qalıb.
Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.
Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalıb.
Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb, Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb.