ABŞ, İsrail və Birləşmiş Ərəb Əmirlikləri müharibə bitdikdən sonra Qəzza zolağına rəhbərlik etmək üçün Fələstin liderləri və iş adamlarından ibarət milli komitənin yaradılması üzərində işləyirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb.
Bəzi mənbələrin yazdığına görə, bu milli komitə bütün Fələstin fraksiyalarının əsas nümayəndəsi kimi çıxış edəcək. Əslində isə komitənin bütün üzvləri FƏTH-in mühacirətdəki keçmiş lideri Məhəmməd Dahlana sadiq olacaq. İddialara görə, M.Dahlan Fələstin Prezidenti Mahmud Abbası gələcəkdə əvəz edəcək şəxs kimi qəbul olunur.
İddia edilir ki, beynəlxalq və regional dövlətlər, o cümlədən qonşu Misir və İordaniya 88 yaşlı Abbasa bu təklifi qəbul etməsi üçün təzyiq göstərir. Həmçinin Vaşinqtonun HƏMAS-ı razı salması üçün Qətərə də təzyiq göstərdiyi bildirilir. Lakin Dohanın bu planın bir hissəsi olmağa razı olub-olmayacağı hələlik bəlli deyil.
Regionda geniş biznes maraqları olan multimilyoner Dahlanın mühasirəyə alınmış Qəzzadakı fələstinlilərlə yaxından tanış olduğu və 2007-ci ildə əraziyə nəzarəti HƏMAS-a verməzdən əvvəl Fələstinin təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışdığı bildirilir.
Ayşən Mustafa
Globalinfo.az