Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla bağlı növbəti qalmaqallı məlumat yayılıb. Belə ki, məhkəmədə Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintiyə görə mühakimə olunan şəxslərdən biri N.Sadıkovun tapşırığı ilə 21 min manata 6 dəst (cəmi 36 ədəd) armudu stəkan, 8 min manata isə 80 butulka (biri 100 manat) çaxır alındığını deyib.
N.Sadıkovun şəxsi istifadəsinə verilən ümumilikdə 29 min manatlıq armudu stəkan və çaxırın pulu isə dövlət vəsaiti hesabına ödənilib. İndi cəmiyyət üçün maraqlıdır ki, daha əvvəllər də adı mənimsəmə və yeyinti hadisələrində ardıcıl hallanan Nəcməddin Sadıkovla bağlı hansı hüquqi addımlar atıla bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənovun fikrincə, Nəcməddin Sadıkovun ən azı bu ittihamlarla, faktlarla bağlı ifadə verməsinə ehtiyac var.
Hüquqşünasın sözlərinə görə, onun bu əməldə təqsirli olub-olmaması birmənalı deyil:
“Çünki Nəcməddin Sadıkov Baş Qərargah rəisi olub. Söhbət bahalı çaxırdan gedirsə, onları adam özü almayıb. İstənilən dövlət orqanında “Dövlət satınalmaları haqqında” qanuna görə, tender komissiyası olur. Bütün hər şeyi də həmin komissiya alır. Bəli, Nəcməddin Sadıkov nazirlikdə yüksək vəzifə tutub, amma satınalmaları həyata keçirmək onun səlahiyyəti deyil.
Sifariş verə bilər və orda da qeyd olunar ki, Baş Qərargaha bu qədər məbləğ filan şeyə görə ayrılsın. Lakin burada mütləq qurumun razılığı olmalıdır. Nəcməddin Sadıkov gedib özbaşına nəsə ala bilməz. Dediyim kimi, maliyyə onun əlində olmur. Buna görə də onu bu məsələdə təqsirləndirmək doğru deyil. Mən başqa məsələləri deyil, konkret son günlərdə yayılan çaxır məsələsini nəzərdə tuturam. Məhz bu işlə bağlı onu çağırsaq, nədə ittiham edəcəyik? Deyəcəyik ki, sənə niyə çaxır alınıb? O da yəqin cavab verər ki, məsələn, xarici ölkədən qonaqlar gəlmişdi və s. Bir məsələ də var – Sadıkov rahat şəkildə deyəcək ki, o çaxırı mən almamışam, tender komissiyası alıb”.
Ə.Həsənov Nəcməddin Sadıkovun hansı səbəbdən məsuliyyətə cəlb olunmmamasının da cavabının olduğunu bildirib:
“Ölkədə yalnız Nəcməddin Sadıkov deyil. Məsələn, Eldar Mahmudov haqqında da min söz deyilir. Adamın ətrafını həbs etdilər, özünü isə yox. Kiminsə barəsində çox şey deyilə bilər, amma onun günahı məhkəmədə təsdiq olunmalıdır. Haqqında bu qədər söz deyilsə də, ortada heç nə yoxdur axı. Bu da iki şeydən xəbər verir – ya doğrudan da xəbəri yoxdur, sadəcə, kiməsə lazımdır ki, onun barəsində söz çıxarsınlar. Bəzən belə hallar da olur. Ya da ola bilər ki, Sadıkovun günahı var, lakin hansısa səbəbdən hazırda onun məsuliyyətə cəlb edilməsi reallaşdırılımır. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev haqqında da tənqidi materiallar yayılır. Amma bilirəm ki, bütün bunlar ona görədir ki, o adam qanuni işləyir və çoxunun qanunsuz yollarla çörək qazanmasının qarşısını alır. Bu səbəbdən də onun haqqında çox söz deyirlər. Əgər kimsə Nəcməddin Sadıkovu məsuliyyətə cəlb etmək istəsə idi, hətta günahsız olsaydı belə, bunu edə bilərdi”.
Zaira Akifqızı
Globalinfo.az














