Bu gün İsveçin cənubundakı Malmö şəhərində “Avroviziya” musiqi yarışmasının finalı keçirilir. Hər il olduğu kimi, bu il də ölkələrin hansı təmsilçiyə səs verməsi maraq doğurur.
Son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh istiqamətində bir sıra vacib addımlar atıldığı üçün, ölkəmizdən Ermənistana yüksək xal verə bilərmi?
Mövzunu Globalinfo.az-a şərh edən deputat Fazil Mustafa bu barədə bir söz deməyin çətin olduğunu qeyd edib.
Fazil Mustafa
Deyib ki, “Avroviziya” yarışmasında kimin kimə səs verəcəyini insanlar özləri müəyyənləşdirir:
“Bu, təkcə siyasi məsələ deyil, həm də zövqlə bağlı məsələdir. Bəzən bir ölkədən kiməsə xal verirlərsə, dərhal bunu ölkənin, xalqın mövqeyi kimi qiymətləndirik. Yanaşma doğru deyil. Təbii ki, burada siyasət də var. Amma inanmıram ki, alt kütlələrdə xüsusi bir qəzəb və ya simpatiya olsun. Musiqisevərlər zövqə görə qərar verərlər. Ona görə də bu kimi hallar Qarabağ və ümumi münasibətlər məsələsi yanında çox kiçikdir. Bəlkə də, Ermənistan və Azərbaycanda heç əhalinin 3 faizi “Avroviziya” ilə maraqlanmır. O səbəbdən də bunu əhalinin əhvalına aid etmək doğru olmaz”.
Qeyd edək ki, bu gün keçiriləcək finalda ümumilikdə 26 ölkə iştirak edəcək ki, onlar arasında Ermənistan da var.
Zaira Akifqızı
Globalinfo.az














