Bu ölkələr Qarabağda yeni müharibə hazırlayırlar – Politoloq

“Sülh sazişi bu ilin sonuna qədər imzalana bilərdi, amma hazırkı vəziyyətdə bu, inandırıcı görünmür. Çünki Ermənistan, müəyyən qədər Rusiya, Fransa, İran kimi dövlətlər buna mane olurlar”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması barədə gedən müzakirələri şərh edərkən deyib.

O qeyd edib ki, bu məsələdə Rusiya həlledici rol oynayır:

“Sülh sazişinə mane olan əsas faktorlar Qarabağdakı separatçıların yenidən dirçəlmə cəhdləri, Rusiyanın ötürdüyü ssenari əsasında vəziyyəti mürəkkəbləşdirmələri, “fövqəladə şura” yaratmaq, yeni “parlament”, “prezident” seçkiləri keçirmək və bunun əsasında “idarəetmə”nin strukturunun dəyişdirilməsi kimi cəhdlərdir.

Ermənistan Baş naziri Nikol Paşinyan bu məsələdən kənar olduğunu bəyan etsə də, əslində, onun da bu işdə barmağı var. Özünü “sülh göyərçini” kimi göstərib, ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasından danışan şəxs Qarabağdakı separatçılara 360 milyon dram vəsait ayırır. Bəzi ölkələr də bu məsələlərdə “humanitar yardım” adı altında addımlarını əsirgəmirlər. Bir sözlə, bölgədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması kifayət qədər real görünürdü, amma adı çəkilən ölkələr bu prosesin reallaşmasına ciddi əngəllər yaradırlar”.

Politoloq bildirib ki, hər şey Rusiya Prezidenti Vladimir Putinin ssenarisi əsasında gedir:

“Amma onların planlarına qarşı ölkəmiz özünün əks-tədbirlərini hazırlayır. Azərbaycan öz suveren torpaqlarında xarici dövlətlərin hər hansı bir ssenarisinin həyata keçirilməsinə imkan verməyəcək və bunların qarşısını alacaq. Görünən odur ki, sülh yaratmaq adı ilə meydana daxil olan bir sıra dövlətlər, əslində, bu iki xalq arasında sülhə mane olurlar. Onlar bölgədə yeni müharibənin başlamasına can atırlar. Genişmiqyaslı müharibə olmasa da, Azərbaycan lokal xarakterli qisas əməliyyatı ilə cavab tədbirləri görə bilər”.

Zaira Akifqızı
Globalinfo.az