foto 1

Ötən 2023-cü ildə Prezident İlham Əliyevin hədəfi əsasən işğalda qalan torpaqların azad edilməsi idi. Beləliklə savaş bitdi, separatizm məhv edildi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu.

Hazırda sülh müqaviləsi ilə birlikdə Qazax rayonunun 7 və Naxçıvanın Kərki kəndlərinin da qaytarılması müzakirə olunur. O məsələnin də yaxın zamanda həllinə ümid edilir.

Bəs 2024-cü ildə ümumilikdə dövlətin strateji hədəfi nə olacaq? Ermənistanı qorxuya salan Qərbi Azərbaycan konsepsiyası Bakının növbəti hədəfi ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov öncədən müzakirə olunan digər məsələlərin də yeni ildə həllini tapa biləcəyini deyib:

“2023-cü ildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam, qəti və əbədi təmin edilmiş oldu. Bu baxımdan həm 2020-ci, həm də 2023-cü il tariximizin ən şanlı səhifələri kimi yaddaşımıza həkk edildi. Birmənalı olaraq söyləmək mümkündür ki, 2024-cü ildə isə Naxçıvanın Kərki, Qazaxın isə 7 kəndinin Azərbaycana qaytarılması strateji hədəflər sırasındadır. Doğrudur, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib. Lakin hələ də kəndlərlə bağlı məsələ hüquqi baxımdan öz həllini tapmayıb.

Baxmayaraq ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın 86,6 min kvadrat kilometr ərazi çərçivəsində sərhədlərini tanıdığını bəyan edib. Yəni sözügedən 7 kənd və Kərki də Azərbaycanın tərkib hissəsi kimi Ermənistan ali rəhbərliyi tərəfindən tanınıb. Amma bu, sadəcə sözdür. Hesab edirəm ki, 2024-cü ildə məsələ ilə bağlı hüquqi müstəvidə addımlar atılacaq. İnanmaq istəyirik ki, Ermənistan bizi bu əraziləri hərbi yolla geri qaytarmağa vadar etməyəcək. Ümidimiz İrəvanın o yolu seçməməsinədir, çünki bu, Ermənistan üçün fəlakət deməkdir”.

1ed3c646 35e7 4bf6 83eb 5af99205643b
Deputat Elman Nəsirov

Deputat Qarabağ qayıdış prosesində 2024-cü ilin həlledici olacağını bildirib:

“2024-cü ildə Qarabağ və Şərqi Zəngəzura tarixi qayıdışımızla bağlı prosesin daha da intensivləşməsi əsas hədəflər sırasındadır. Artıq 2023-cü ilin sonuna kimi təxminən 5 minə qədər soyadaşımız öz torpaqlarına geri döndü. 2026-cı ildə isə Qarabağa qayıdışla bağlı dövlət proqramının birinci mərhələsi başa çatacaq. Həmin ilin sonuna kimi təxminən 140 min soyadışımız öz ata-baba yurduna qayıtmalıdır. Onlardan təkcə 100 min nəfərin Ağdama köçü nəzərdə tutulur. İnanırıq ki, köç prosesinin intensivliyi baxımından 2024-cü il həlledici olacaq. Bunun üçün siyasi iradə, maliyyə imkanlarımız var. Xalq öz yurduna qayıdış həsrəti ilə yaşayır. 2021-ci ildən 2023-cü ilə kimi bu məqsədlər üçün 7 milyard dollar ayrılıb. 2024-cü ilin dövlət büdcəsində daha 2,4 milyard dollar, təxminən 4 milyard manat vəsait nəzərdə tutuldu”.

E.Nəsirov yeni ildə Bakıda keçiriləcək iqlim sammitinin Azərbaycanın beynəlxalq arenada nüfuzuna təsirindən söz açıb:

“Eyni zamanda 2024-cü il Azərbaycan tarixində dünya səviyyəli COP29 iqlim konfransının keçirilməsi ilə yadda qalacaq. Bu tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki çox böyük nüfuzunun göstəricisidir. Çünki dövlətlər yekdil olaraq ölkəmizin belə mühüm bir tədbirə ev sahibliyi etməsi üçün səs veriblər. Hətta Ermənistan da bu məsələdə Azərbaycanın mövqeyini müdafiə edib. Konfransın baş tutacağı 2 həftə ərzində müxtəlif ölkələrdən 70-80 min nümayəndə Azərbaycana gələcək, dünyanın ürəyi Bakıda döyünəcək”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: