ABŞ-ın son vaxtlar Cənubi Qafqaz, Yaxın Şərqdəki proseslərə, eləcə də Rusiya-Ukrayna müharibəsinə müəyyən qədər fəal yanaşdığının şahidi oluruq. Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər Bakı ilə Vaşinqton arasında münasibətlər normallaşmayacaq.
Bununla yanaşı noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilib.
Maraqlıdır, ABŞ siyasi xəttində Azərbaycana qərəzin, ikitərəfli hücumun səbəbi nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, ABŞ dünyanın hər yerində nüfuz sahibi olmağa çalışır:
“Vaşinqtonun soyuq müharibədən sonrakı xarici-siyasi xəttində böyük dəyişikliklər yaranıb. Sovet İttifaqının dağılmasından sonra ABŞ xarici siyasət kursunun əsas istiqamətlərindən biri də SSRİ-nin hökmranlıq etdiyi bölgələrdə nəzarətə sahib olmaq idi. Hətta ABŞ-ın sabiq prezidenti Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Zbiqnev Bjezinskinin “Böyük şahmat taxtası” kitabında Rusiyanın zəifləməyə doğru getməsinə baxmayaraq, ABŞ-a rəqib olmağa davam etdiyi qeyd olunur. ABŞ Rusiyanı zəiflətmək üçün strateji əhəmiyyətli regionlarda öz nüfuzunu artırmalıdır. Bura isə əsasən Ukrayna, Mərkəzi Asiya, Cənubi Qafqaz daxildir”.
Politoloq qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra ABŞ-da tez-tez məlum qəbildən dinləmələrin şahidi oluruq:
“Burada erməni diasporunun əhəmiyyətli rolu var. Öz milli maraqlarını qurban verən senatorlar əsassız, ermənipərəst layihələri Konqresin diqqətinə çatdırmağa çalışırlar. Bu da ABŞ-ın xarici siyasət kursuna müəyyən qədər təsir edən amillərdən biridir.
ABŞ həmişə Cənubi Qafqazda qüvvələr balansını qorumağa cəhd edib. Azərbaycan 44 günlük müharibədən sonra bu qüvvələr balansını öz lehinə dəyişdi. Bu hal isə Birləşmiş Ştatların maraqlarına uyğun deyil. Ona görə də Cənubi Qafqazda Ermənistanı dəstəkləmək yolunu seçib. Lakin Azərbaycan rəsmi Vaşinqtonun istəklərinə boyun əyməyəcək”.
Safura Bənnayeva
Globalinfo.az