HƏMAS və İsrail arasında şənbə günü başlamış müharibə davam edir. İsrail ordusu Qəzza zolağında HƏMAS-a aid binaları və düşərgələri bombalayır, HƏMAS isə İsrail yaşayış məntəqələrində hələ də ordu gücləri ilə savaşır. Baş nazir Benyamin Netanyahunun da dediyi kimi, bu artıq müharibədir.
Daha əvvəl sərhəd atışmaları və ya İsrail ərazisinə kustar üsulla düzəldilmiş raketlər atan HƏMAS indi yüksək döyüş hazırlığına malik desantlarla havadan, dənizdən və qurudan İsrail ərazisinə daxil olaraq dünya ordu reytinqində ilk “onluğa” daxil olan bir ordu ilə döyüşür. Əslində bir çoxlarını təəccübləndirən, sui-qəsd nəzəriyyələrinə səbəb olan da məhz budur: HƏMAS bu qədər güclü bir orduya necə malik oldu? Və ən əsası, dünyanın ən güclü hərbi kəşfiyyatına malik, xüsusən də HƏMAS-ın hakim olduğu Qəzza ilə sərhədləri beton divarlar, həssas siqnal aparatları ilə təchiz etmiş İsrail bu hücumdan xəbərdar olmadı və artıq 3-cü gündür ki, HƏMAS-la vuruşur?
Bu sualın bir sadə cavabı var. Çünki HƏMAS-ın “müəllimi” İsraildir. 35 ildir mövcud olan HƏMAS bu müddət ərzində savaşa daşla başlayıb (HƏMAS 1988-ci il Birinci İntifada hərəkatı zamanı yaranıb – K.R). Bu gün dron, idarə olunan raketlər və ən əsası, yüksək hazırlıqlı desant qüvvələrinə malik orduya qədər gəlib çatıb. Çünki qarşısında qüdrətli İsrail olub, HƏMAS İsraildən öyrənməli olub savaşmağı.
Əlbəttə, HƏMAS-ın hazırlığı nə qədər olsa da İsrailə qalib gəlmək imkanı yoxdur. İsrail ordusu çox güclüdür, ölkə əhalisinin böyük hissəsi müharibəyə hazırlıqlıdır, potensial çağırışçıdır. Dünyanın ən güclü ordularından birinə malik İsrailə yarıhərbi bir qruplaşma olan HƏMAS-ın qalib gəlməsinə ağılı olan inanmaz. HƏMAS-ın İsrailin içərisinə sızma əməliyyatı yəqin ki, yaxın günlərdə dayandırılacaq və HƏMAS geri oturdulacaq.
Amma burda bir başqa məsələ var ki, İsrail də bu savaşda qalib gələ bilməyəcək. Bəzi yerli politoloqların dediyi kimi, bu fürsətdən istifadə edib . HƏMAS-ı yer üzündən siləcək kimi iddiaların əsası yoxdur. Əvvəla, belə bir imkanı olsaydı, yəqin ötən illərdə bunu edərdi, demək olar ki, iki-üç ildən bir İsrail Qəzzada . HƏMAS-la toqquşur. İkincisi isə hazırkı situasiyada bu daha çətin olacaq.
Çünki HƏMAS-ın yerləşdiyi Qəzza zolağı dünyanın ən sıx məskunlaşmış bölgəsidir. Təxminən 360 kv.km ərazidə 1,5-2 milyon arası fələstinli yaşayır. Üstəlik əhalisinin böyük bir qismi silahlıdır, ya da silahlı qrupların üzvüdür. İsrailin bu qədər kiçik və sıx məskunlaşmış əraziyə daxil olub əməliyyat keçirməsi hərbi-taktiki baxımdan ağılsız və riskli addımdır. Çünki nəticədə onminlərlə insan ölə və dünyada əksər orduların bacara bilmədiyi ağır küçə döyüşlərinə məruz qala bilər. Bu mənada Qəzzaya qurudan daxil olmaq təhlükəli həddə risklidir.
Şənbə hücumu hər nə qədər HƏMAS-İsrail arasında bir savaş olsa da, necə deyərlər, geniş tabloya baxmaq lazımdır. Düz bir ay əvvəl Hindistanda G-20 ölkələrinin sammitində yeni nəqliyyat dəhlizi layihəsi elan olundu. İMEC (India-Middle East-Europe Economic Corridor) adlanan layihə Hindistandan yüklərin dəniz yolu ilə Dubaya (BƏƏ), oradan isə dəmir yolu ilə Səudiyyə Ərəbistanı üzərində İordaniyaya, oradan da İsraildən keçərək Hayfa limanından Aralıq dənizi ilə Avropaya çatdırılmasını nəzərdə tutur. Bu layihə ABŞ-ın patronluğu ilə Rusiya, Çin, İran və digər BRİCS ölkələrinə qarşı yeni alternativ idi. Amma bu layihənin siyasi yükü Yaxın Şərqdə yeni siyasi sistemi qurmaq, Ərəb-İsrail barışığını gücləndirmək məqsədi daşıyırdı. Çünki dəmir yolu İsrail və ərəb ölkələrini birləşdirəcək.
G-20 sammiti, Hindistan
Lakin eyni zamanda bu layihə Çinin “Böyük İpək Yolu” layihəsinə alternativ, o cümlədən ənənəvi nəqliyyat dəhlizlərinin keçdiyi İran, Türkiyə, hətta Misir kimi ölkələrin maraqlarına cavab vermir.
Ancaq HƏMAS-ın İsrailə “qəfil” hücumu bu layihəni və ümumilikdə 2020-ci ilin sentyabrında start verilmiş “İbrahim razılaşmaları” (Abraham Accord) adlı ərəb-İsrail barışığı prosesini baltalayır. Artıq . HƏMAS rəsmisi Usamə Həmdan “əl-Məyadin” kanalına bildirib ki, HƏMAS-ın əməliyyatı İsraillə münasibətləri normallaşdırmalı olduqlarını düşünənlərə mesajdır.
Aydın məsələdir ki, ərəb-İsrail düşmənçiliyinin alovlandığı bir vaxtda ərəb aləminin mənəvi və siyasi liderliyinə iddia edən Səudiyyə Ərəbistanı İsraillə yumşalma prosesini ən azı yaxın dövr üçün dayandıracaq. O cümlədən digər ərəb ölkələri də İsrail məsələsində ehtiyatlı addım atacaqlar. Çünki hər nə qədər siyasi elitalarda baxış fərqi olsa da, Fələstin məsələsində ərəb ictimai rəyi İsrail qarşıdır. Başqa sözlə, bu hücum həm də ABŞ-ın yeni iqtisadi-siyasi layihəsinə zərbə oldu.
Göründüyü kimi, hadisəyə HƏMAS-İsrail müharibəsi kontekstindən baxmaq, HƏMAS-ın arxa fonunda sadəcə İranı görmək kifayət etmir. Yaxın Şərq, Ərəb-İsrail münaqişəsi hər zaman mürəkkəb olub, indi isə getdikcə daha da mürəkkəbləşir.
Təəssüf ki, hələlik nə İsraildə, nə də Fələstində münaqişənin sülh yolu ilə həllinə çalışanlar azlıqdadır. Fələstin lideri Mahmud Abbas sülh danışıqları prosesini dəstəkləsə də, məlum səbəblərdən daxili ictimai rəydə dəstəyi azdır. Çünki Abbasın iştirak etdiyi sülh prosesi uzun illərdir nəticə vermir. Məsələni silah və qan yolu ilə həll edənlərin isə nüfuzu artır.
İsraildə də vəziyyət ürəkaçan deyil. İldən ilə sağ siyasi qüvvələr daha güclənir və onların səsi daha çox eşidilir. Son illərdə keçirilən seçkilərin nəticələri göstərir ki, İsraildə də əhalinin ən azı yarısı iki yanaşı İsrail-Fələstin dövlətinin olmasına tərəfdar deyil. Nəticə etibarı ilə hər iki tərəfdə məsələni danışıqlar deyil, silah yolu ilə həllini irəli sürən liderlər öndədir.
Donald Tramp istisna olmaqla ABŞ prezidentləri və hökumətləri 1967-ci il sərhədləri daxilində ərəb və yəhudi dövlətinin yanaşı yaşamasını dəstəkləsə də, regiondakı qüvvələr balansı, baş verən toqquşmalar ABŞ-ın, eləcə də beynəlxalq ictimaiyyətin sülh çağırışını təsirsiz edir. Çünki baş verən qarşıdurmaların fonunda Vaşinqton iki dövlətli həll üçün İsrailə daha güclü təzyiq edə bilmir. Bu isə sülh ümidlərini ildən ilə daha da azaldır.
Kənan Rövşənoğlu
Xüsusi olaraq Globalinfo.az üçün