Baş verənlərin fonunda rəsmi Bakının təmkini diqqət çəkir. TIR-lar gəlib sərhədə dirənir, separatçılar Azərbaycanı “Laçın” postuna yürüşlə hədələyir, Avropa İttifaqı (Aİ) mülki müşahidə missiyasının üzvləri əllərində durbin poz verirlər, bir yandan yaxın-uzaq ölkələrdən, bəzi beynəlxalq təşkilatlardan bəyanatlar səsləndirilir. Amma Azərbaycan dövləti soyuqqanlılığını qoruyur, təmkinini saxlayır.
Sonuncu belə bəyanatı BMT məruzəçiləri yaydılar. BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertinin Xankəndi-Laçın yolundakı vəziyyətlə bağlı yayılmış bəyanatı da Bakıda xüsusi təlatüm yaratmayıb. Aidiyyəti üzrə bu və digər bəyanatlara cavab verilir. Susmaq da olmaz. Çünki bir savaşın ortasındayıq – informasiya və əsəb müharibəsinin də öz şərtləri var. Fəqət Bakı təmkinli və ağıllı oynayır. Bu təmkin düşməni, onun havadarlarını ardıcıl səhvlər etməyə məcbur qoyur.
Zatən, bütün savaşların əsas qayəsi, məqsədi budur: düşməni səhv etməyə, tələsməyə məcbur etmək. Qarşıdakının qəzəbi ağlını üstələdisə, uduzmağa məhkumdur.
Azərbaycan Ermənistanı döyüşdə əzici üstünlüklə məğlubiyyətə uğratdı. Təkcə ordusunu, hərbisini darmadağın etmədi, güclü, arxalı, qalib obrazını yerlə bir etdi. “Dənizdən dənizə böyük Ermənistan” kimi çürük ideyası tarixin zibilliyinə atıldı.
Bu xəstə ölkə təkcə Azərbaycana ərazi iddiası irəli sürmürdü. Türkiyə kimi nəhəng, azman bir dövlətdən də torpaq qopartmağı qarşısına hədəf qoymuşdu. Və bunu özünün konstitusiyasına salmışdı. Təsəvvür edin, erməni siyasətçiləri və ideoloqları NATO dövləti Türkiyənin ərazisinə iddia göstərəcək qədər debildir.
Türkiyənin əsas tarixi simvollarından sayılan Ağrı dağına gözünü dikən Ermənistanın Qarabağda gözü elə ovuldu ki, bir zamanlar ərazisinə iddia göstərdiyi Türkiyəyə hazırda yalvarır, yaltaqlanır.
Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyi, ən əsas da qardaşlığı ermənilərin bu çürük ideyasını məhv etdi.
İndi Ermənistanda baş verənlərə baxaq. Ən yüksək səviyyədə bir-birilərini ittiham edirlər. Biri o birinə Türkiyənin agenti, Azərbaycanın casusu deyir. Bu ittihamları hansısa sıradan biri səsləndirmir. Ya da müxalifətçi aktivistlə, iqtidar deputatının söz duelində eşidilmir. Bu ağır ittihamları Nikol Paşinyana və Araik Arutyunyana ünvanlayırlar. Hətta Araiklə Nikol bir-birilərinə dolayısı ilə Azərbaycanın agenti, Bakının casusu deyirlər.
Bir zamanlar oxşar ittihamlar Azərbaycan ictimai-siyasi mühitinin əsas ideoloji silahı sayılırdı. İqtidarla müxalifət arasında söz davalarında belə qaxınclara tez-tez rast gəlinərdi. Həmçinin siyasətçilər, aktivistlər, jurnalistlər də mətbu atışmalarda, əyani və qiyabi polemikalarda, debatlarda bir-birilərinə “sən ermənisən”, “Ermənistana casusluq edirsən”, “torpaqları ermənilərə satan satqın”, “Qarabağı verən agent” və s. ittihamlar söyləyərdilər.
Hazırda Ermənistandakı vəziyyət 90-cı illərin Azərbaycanını xatırladır. Ümidsizlik, məğlubiyyət, dövlətə etimadsızlıq, hakimiyyətdən şübhələnmək, sabaha inamın qalmaması…
44 günlük müharibədəki qələbə öz işini gördü. Belə ittihamlar Ermənistana transfer edilib. İndi onlar bir-birindən şübhələnirlər. Hətta ölkənin baş naziri haqda deyilir ki, o, İlham Əliyevin agentidir, ona işləyir. Paşinyana Türkiyə casusu damğası da vurulur. Son vaxtlar Araik haqda Ermənistan mediasında nələr yazılır, hamımız görürük. Separatçılar özləri belə ondan şübhələnirlər. Son müsahibəsində Arutyunyanın görüntüsü belə yozulur ki, qəsdlə bu obraza girib ki, çarəsizlik aşılasın. Ardından da “Araik Bakının agentidir” deyilir.
Bütün bunlar məğlubiyyət sindromudur. Ermənistanda və Xankəndidə ermənilər günahkar axtarışına çıxıblar. Qələbəmizlə ermənilərin içinə elə bir qırğın salmışıq ki. Özləri özlərinə bəs edər.
ARXİV: İlham Əliyev “Euronews” kanalına müsahibə verir
Yazının girişində yazmışıq ki, Azərbaycan hər şeyə rəğmən soyuqqanlı və təmkinli davranır. Prezident İlham Əliyev artıq müharibə barədə yox, sülh şəraitində nələr olacaq, bu haqda danışır. Şuşada Qlobal Media Forumda və “Euronews” kanalına müsahibəsində “Biz müharibə istəmirik. O qara səhifəni qapadıb, gələcəyə baxmağa çalışırıq” dedi. Prezident bu bəyanatı Şuşa şəhərində səsləndirdi. Bunun özü də ciddi bir mesajdır və simvolik məna daşıyır.
Şuşa Azərbaycanın Qələbə Paytaxtıdır! İlham Əliyev o paytaxtdan dünyaya və Ermənistana səsləndi. Qalib ölkənin rəhbəri, qalib ordunun komandanı məhz belə danışmalıdır.
Savaşları o başladır, o bitirir!
Azər Ayxan
Globalinfo.az