“Blinkenin zəngi Ermənistanın sərhədimizdə təşkil etdiyi “humanitar yardım” şousu və Bakının təklif etdiyi Ağdam-Xankəndi marşrutuna Vaşinqtonun münasibətinin aydınlaşdırılması baxımından əhəmiyyətli idi”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, telefon söhbətində Prezident İlham Əliyev Bakının dəyişməyən mövqeyinə dair bir sıra məqamları diqqətə çatdırdı:
Asif Nərimanlı
“Birincisi, erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasının vacibliyini vurğuladı.
İkincisi, Laçın postunun məhz Ermənistanın təxribat hücumundan, o cümlədən, qaçaqmalçılıq cəhdindən sonra yüklər üçün bağlandığını diqqətə çatdırdı.
Üçüncüsü, Ağdam-Xankəndi marşrutu ilə bağlı təklifi yenidən gündəmə gətirdi;
Dördüncüsü, Qarabağdakı erməni əhalisinin reinteqrasiyasına dair mövqeyi bir daha dilə gətirdi”.
Ekspertin sözlərinə görə, İ.Əliyev Qarabağla bağlı “yol xəritəsini” Vaşinqtonun diqqətinə çatdırmaqla bu mövqeyin dəyişməyəcəyi mesajını da verdi:
“ABŞ-ın hansı mövqe sərgiləyəcəyi bölgədəki proseslərin inkişafı baxımından da əhəmiyyətli məqamdır. Blinken telefon söhbətində “Laçın yolundan tranzitin açılmasına ehtiyac olduğunu və humanitar yükləri Qarabağdakı əhaliyə çatdırmaq üçün alternativ marşrutlar üzrə razılaşmaların zəruriliyini” vurğulayıb. Bunu Vaşinqtonun Bakının gündəliyini dəstəklədiyi olaraq qəbul edə bilərik. Çünki Vaşinqton bir tərəfdən Laçın postunun açılmasını istəyir, digər tərəfdən, humanitar yüklərin daşınması üzrə alternativ marşrutları da dəstəkləyir.
Laçın postu erməni əhalisinin keçidi və BQXK-nın xəstələrin daşıması üçün açıqdır. Yəni əslində sərhəd-keçid məntəqəsindəki vəziyyət ABŞ-ın istəyinə uyğundur, yaxud Vaşinqtonun belə bir istəyinə qarşı Bakı yolun açıq olduğu faktını irəli sürür. Buna paralel olaraq, yüklərin daşınması üçün Ağdam-Xankəndi marşrutunu təklif edir, bu mövqedə israr edir. Blinkenin açıqlaması da göstərir ki, ABŞ “alternativ marşruta” da isti baxır, hazırda yeganə alternativ marşrut da Azərbaycanın təqdim etdiyi yoldur. Beləliklə, ABŞ Ağdam marşrutunu dəstəkləmiş oldu”.
Asif Nərimanlı hesab edir ki, bu, Bakının mövqeyinin güclənməsi baxımından vacibdir:
“Bundan öncə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də Ağdam marşrutunu dəstəkləmişdi. Lakin Ermənistanın sərhəddə “humanitar şousu”ndan sonra Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel İrəvanın mövqeyini müdafiə edən məntiqsiz açıqlama verdi. Bu, rəsmi Brüsselin mövqeyində dəyişiklik kimi görünsə də, həlledici və əsas deyil, istisna deyil ki, Borrel həm də balans yaratmaq məqsədilə bu mövqeyi sərgilədi. Aİ rəhbəri Şarl Mişelin mövqeyi isə dəyişməyib və Ağdam marşrutuna Brüsselin dəstəyindən sonra ABŞ-dan da dəstək gəlməsi rəsmi Bakının əlini gücləndirir. Belə bir mövqe ümumilikdə Qərb cəbhəsinin mövqeyinə də təsir edə biləcək amildir. ABŞ və Avropa İttifaqının mövqeyindən sonra erməniləri ümid edə biləcəyi qapı Rusiyadır. Halbuki, Moskva Ermənistanın sərhəddəki şousuna ciddi reaksiya verməyib, eyni zamanda, xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra Lavrovun reinteqrasiyanın dəstəklənməsinə yaxın mövqe sərgiləməsi diqqətdən yayınmadı. Beləliklə, danışıqların aparıldığı hər üç platformada – ABŞ, Aİ və Rusiya – Xankəndiyə ərzağın Ağdam yolundan daşınması qəbul edilir.
Fikrimcə, bu Prezident İlham Əliyevin prinsipial mövqeyinin nəticəsidir. Bütün güc mərkəzləri Bakının tələbləri və mövcud reallıq qarşısında geri çəkilir”.
Turan Rzayev
Globalinfo.az