Ermənistandan Qarabağa göndərilən TIR-lar beynəlxalq qalmaqala səbəb olub. Humanitar yardım adı ilə sərhədimizə dirənən bu TIR karvanı əslində erməni əhaliyə kömək yox, Azərbaycana təzyiq və şantaj etmək üçün təşkil edilib. Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh prosesinə moderatorluq edir, digər tərəfdən Ermənistanı açıq şəkildə bizə qarşı təşkilatlandırır.
Rəsmi Bakının mövqeyi nə olacaq? Sona kimi dirəşəcəkmi? “Brüssel masası” etibarlılığını itirirmi? Rusiyanın mövqeyi necədir TIR məsələsində?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Murad Sadəddinov deyib ki, baş verən hadisə şou xarakterlidir:
Murad Sadəddinov
“Azərbaycana təzyiq və şantaj etmək üçün təşkil olunub. Ona görə ki, Laçın yolunun bağlanmasının ciddi səbəbləri var. Yəni bu boşuna olmayıb.
Birincisi, 44 günlük müharibə sonrası əldə edilən 10 noyabr bəyanatına görə rəsmi Bakı Laçın yolundan istifadəyə icazə verdi. Lakin bu icazə humanitar yüklər üçün keçərli idi. Ermənistan Azərbaycanın humanist davranışından istifadə edərək dəfələrlə Laçın yolundan separatçılara hərbi silah-sursat daşımaq üçün istifadə etdi.
İkincisi, məlum olduğu kimi Laçında Azərbaycan sərhəd xidmətinin əməkdaşına atəş açılması ilə müşahidə edilən insident yaşandı. Bu hadisədən sonra Azərbaycan təhlükəsizlik məqsədi ilə Laçın yolundan istifadəni dayandırdı. Rəsmi Bakı bunu həm də bu yoldan istifadə edən erməni əsilli vətəndaşların təhlükəsizliyi məqsədi ilə etdi.
Göründüyü kimi bu iki səbəb də bizə göstərir ki, baş verən hadisənin məsuliyyətini Ermənistan tərəfi daşıyır. Rəsmi İrəvan bundan sonra da provokativ addımlar atarsa məsuliyyətini birbaşa özü daşıyacaq. Azərbaycan bu məsələdən qəti şəkildə geri addım atmayacaq”.
Politoloqun fikrincə, Qərbin və ya digər ölkələrin Laçın yolu ilə bağlı Azərbaycana təzyiq etməsi əsassızdır:
“Azərbaycan tərəfinin niyyəti Qarabağdakı erməniləri blokadaya almaq, ya da onları aclığa düçar etmək deyil. Rəsmi Bakı Xankəndi-Ağdam yolundan istifadə edilə biləcəyini öncədən deyib. Bu gün də bunu deyir. Bundan başqa Qarabağdakı ermənilərin ehtiyaclarını Azərbaycan da qarşılaya bilər. Yəni bizim arqumentlərimiz istənilən təzyiqə qarşı hazırıdır.
Unudulan bir məqam isə sonuncu Brüssel görüşüdür. Şarl Mişel bu görüşdə Ağdam-Xankəndi yolundan istifadə edilməsini dolayı yolla təklif etmişdi. Hesab edirəm ki, Ermənistanın bu şousu gülüncdür. Rəsmi İrəvan artıq başa düşməlidir belə ucuz oyunlar ilə Azərbaycana təzyiq etmək, onu geri addım atmağa məcbur etmək mümkün deyil”.
M.Sadəddinov humanitar yardım şousuna Rusiyanın mövqeyi barədə danışıb:
“Rusiya Ukrayna cəbhəsində kifayət qədər yorulub və hərbi, iqtisadi-siyasi itkilər ilə üzləşib. Bu baxımdan Kremlin əvvəlki imkanları yoxdur ki, Cənubi Qafqaza təzyiq etsin. Məhz buna görə biz daha çox Qərb formatında danışıqların getdiyinin şahidi oluruq.
Rusiya tərəfi çalışır ki, separatçıların mövqeyini müdafiə etsin. Amma rəsmi Moskvada gec-tez Bakının mövqeyi ilə barışmalı olacaq, çünki separatçılara edilən dəstək mövcud reallıqlar fonunda uzunmüddətli ola bilməz”.
Turan Rzayev
Globalinfo.az