Xankendi 12

Prezident İlham Əliyevin dövlət televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər, xüsusən Ermənistan və Qarabağla bağlı dedikləri yenə media və sosial şəbəkələrin əsas mövzusudur.

Globalinfo.az xəbər verir ki, sözügedən müsahibə bir çox məqamları ilə ilk sayıla bilər.

Prezidentin xüsusən Xankəndi və oradakı separatçılarla bağlı məsələdə ortaya qəti mövqe qoyması, konkret ifadələr səsləndirməsi bu qəbildən idi.

Sitat:

“Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, – biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, – bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz.

Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır”.

“Təlxəklər toplusu”

“Səbrimizlə oynamaq olmaz!”

“Rədd olacaqlar!”

Bu, Azərbaycan Prezidentinin Xankəndidəki separatçılara konkret mesajı idi. Əliyevin ritorikası Vətən müharibəsi müddətində işğalçı erməni ordusuna qarşı çıxışlarını xatırlatdı.

Müsahibədə xüsusi diqqətçəkən məqam Azərbaycanın Xankəndiyə hansı səviyyədə nəzarət etməsi detalı idi.

Dövlət başçısı bildirdi ki, Serjik Sərkisyan, Robert Köçəryan, Seyran Ohanyan Qarabağdan qovulub və qayıda bilmirlər:

“Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə”.

İlham Əliyev müharibədən sonra verdiyi mesajlarla da Xankəndinin Azərbaycan torpağını olduğunu elan edirdi. Lakin ötəngünkü fikirləri ilə Xankəndiyə sahiblik, nəzarətlə bağlı mövqeyini ilk dəfə bu qədər qəti və konkret ifadə etdi. Bu fikirlər həm də Azərbaycanın Xankəndi üzərində söz sahibi olmasını ən yüksək səviyyədə təsdiqi idi.

Bəli, Bakı Xocalı qatillərini Xankəndiyə buraxmır. Hansı ki, onların hər üçü Qarabağda doğulublar.

Bu o deməkdir ki, Birinci Qarabağ müharibəsində 1 milyona yaxın azərbaycanlını öz yurdlarından didərgin salan Sərkisyan-Köçəryan-Ohanyan üçlüyü indi özləri qaçqındır. Doğulduqları yerə gələ, orada yaşaya bilmirlər. Azərbaycan xalqının 30 ildə nələr çəkdiyini indi öz canlarında hiss edirlər. Hələ bundan sonra da hiss edəcəklər…

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: