2030-cu illə bağlı müəyyən bir mif formalaşdırılıb. Müxtəlif podkastlarda alimlər, iqtisadçılar, sosioloqlar və jurnalistlər bu tarixdən sonra dünyanın gedişatında ciddi dəyişikliklərin baş verəcəyini bildirirlər.
1999-cu ildə yeni minilliyin başlanğıcı ərəfəsində dünyada böyük dəyişikliklərin baş verəcəyi ilə bağlı çoxsaylı proqnozlar səslənirdi. 2012-ci il dekabrın 21-i ilə əlaqədar isə dünyanın sonunun gələcəyi barədə müxtəlif iddialar və şayiələr yayılmışdı. İndi isə oxşar müzakirələr 2030-cu illə bağlı gündəmə gətirilir.
Bəs 2030-cu illə bağlı səsləndirilən proqnozların nə qədəri elmi əsaslara söykənir?
Globalinfo.az-a danışan filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy deyib ki, müasir dövrdə texnologiyanın inkişafı həqiqətən də müəyyən risklər yaradır və bu, insan sağlamlığına, eləcə də ətraf mühitə müəyyən təsirlər göstərə bilər:
“Əvvəlki dövrlərlə müqayisədə bu gün informasiya texnologiyaları və rəqəmsal cihazlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Təbii ki, onların elektromaqnit şüalanması və digər amillərlə bağlı elmi araşdırmalar aparılır və müəyyən təsirlər müzakirə olunur. Lakin bundan belə bir nəticə çıxarmaq olmaz ki, guya dünyanın müəyyən tarixdə, məsələn 2030-cu ildə məhv olacağı elmi cəhətdən sübut edilib. Bu cür iddiaların etibarlı elmi əsası yoxdur. Belə xəbərlər və şayiələr çox vaxt insanlarda qorxu və təşviş yaratdığı üçün sürətlə yayılır”.
F.Qurbansoyun fikrincə, belə yalan iddiaları savadı olmayan şəxslər yayır:
“Buna görə də hər hansı sensasion iddialara deyil, mötəbər elmi mənbələrə və rəsmi məlumatlara əsaslanmaq daha düzgün yanaşmadır. Cəmiyyətin düzgün məlumatlandırılması, tənqidi düşüncə və etibarlı informasiyaya söykənmək bu kimi əsassız qorxuların qarşısını almaqda mühüm rol oynayır”.
Zaira Akifqızı