Şaradan Bakıya gözlənilməz çağırış – Yaxın Şərqdə kartlar yenidən paylanır

WhatsApp Image 2025 04 23 at 10.11.53

Son zamanlar Azərbaycan-Suriya münasibətlərində ciddi irəliləyiş müşahidə edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə Antalyada bir araya gəlməsi, daha sonra rəsmi Dəməşqin Suriyanın neft və qaz sektorunun bərpasında Bakıdan dəstək istəməsi diqqət çəkir.

Ekspertlər deyir ki, bu, iki ölkənin münasibətlərində tarixi fürsət olmaqla yanaşı, həm də Yaxın Şərqdə geosiyasi vəziyyətə təsir edəcək bir yaxınlıqdır.

Globalinfo.az-a danışan suriyalı türkmən siyasi şərhçi Muxtar Beydilli deyib ki, uzun illər ərzində Suriya ilə Azərbaycan arasında münasibətlər gərgin və passiv xarakter daşıyırdı:

“Bu, diktator Hafiz Əsəd və daha sonra oğlu Bəşər Əsədin hakimiyyəti dövründə özünü daha aydın göstərirdi. Əsəd rejimi Qarabağ münaqişəsində açıq şəkildə Ermənistanı dəstəklədi. Bu dəstək yalnız diplomatik səviyyədə deyil, hərbi və ideoloji səviyyədə də hiss olunurdu. Müxtəlif mənbələrə görə, Suriya rejimi erməni döyüşçülərə təlim keçmək və yerləşdirmək üçün öz ərazisini təklif edib və Azərbaycanın bu dəstəyi dayandırmaq tələblərinə məhəl qoymayıb.

Lakin Əsəd rejiminin süqutu və yeni hökumətin – Prezident Əhməd Şaranın rəhbərliyi ilə – hakimiyyətə gəlməsi regional vəziyyəti tamamilə dəyişdi. Yeni rəhbərlik Suriyanı İran-Rusiya oxundan uzaqlaşdıraraq daha balanslı və müstəqil xarici siyasət yürütməyə başladı. Şara Azərbaycanın regionda potensial tərəfdaş olduğunu görür və Suriyanın bərpası prosesində Bakı ilə əməkdaşlığı inkişaf etdirmək istəyir.

Bu siyasi dönüşün ilk əlamətlərindən biri, əvvəlki rejimin süqutundan dərhal sonra Azərbaycanın Suriya xalqına təcili humanitar yardım göndərməsi oldu. Bakı bəyan etdi ki, bu yardım heç bir siyasi tərəfə deyil, birbaşa Suriya xalqına yönəlib. Ardınca Azərbaycan hökuməti Suriyanın bərpası prosesində iştirak etmək istədiyini rəsmi şəkildə bəyan etdi – istər infrastruktur və mühəndislik sahəsində, istərsə də enerji sektorunda, xüsusilə SOCAR şirkəti vasitəsilə.

Bu münasibətlərin istiləşməsi Suriya ilə Azərbaycan arasında keçmişin gərginliyini geridə qoyaraq yeni və dayanıqlı əməkdaşlıq imkanları açır. Enerji, iqtisadiyyat və mədəniyyət sahələrində qarşılıqlı maraqlara əsaslanan bu əməkdaşlıq, Suriyadakı türkmən icmasının və Hələb şəhərindəki İmadəddin Nəsimi türbəsinin varlığı ilə daha da dərinləşir. Bu ortaq mədəni irs iki xalq arasında təbii bir körpü rolunu oynayır”.

Ekspert deyib ki, 2025-ci ilin 18 aprelində Antalya Diplomatiya Forumu çərçivəsində Suriya Prezidenti Əhməd Şara və Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə birbaşa görüşdülər:

“Görüş zamanı əsas mövzulardan biri Suriya tərəfindən Azərbaycan şirkətlərinə, xüsusən SOCAR-a Suriyanın şimal-şərqindəki neft və qaz yataqlarında investisiya imkanı təklif edilməsi oldu. Bu addım, Suriyanın müharibədən sonra enerji sektorunu bərpa etmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.

Hazırda Suriya təqribən 110 min barrel neft hasil edir – bu, 2011-dən əvvəlki gündəlik 385 min barrel göstəricisindən çox aşağıdır. Qaz hasilatı da 30 milyon kubmetrdən 9.1 milyon kubmetrə düşüb. SDQ ilə hökumət arasında əldə edilən razılaşmaya görə, hasil olunan enerjidən əldə olunan gəlirin 70%-i Dəməşqə, 30%-i isə yerli əhalinin xeyrinə ayrılır.

WhatsApp Image 2025 04 22 at 12.19.10 e1745353894832

Muxtar Beydilli

Avropa və Britaniya sanksiyalarının bir qisminin ləğv edilməsi, ABŞ-ın enerji sahəsində Suriyanın dövlət qurumları ilə məhdud əməkdaşlığa icazə verməsi kimi amillər SOCAR kimi şirkətlər üçün yeni imkanlar yaradır. Suriyanın yeni rəhbərliyi ilə Azərbaycanın strateji əməkdaşlığı, bölgədəki güc balansına təsir edə bilər.

Digər bir vacib bağlantı isə Suriyadakı türkmən icmasıdır. Sayı 3 milyondan çox olan bu icma Azərbaycanla ortaq dilə, adət-ənənəyə və mədəniyyətə malikdir. Bu, Suriyanın sosial toxumasında önəmli yer tutan türkmənlərin iki ölkə arasında təbii bir körpü rolunu oynaya biləcəyini göstərir.

Əgər bu əməkdaşlıq dayanıqlı şəkildə qurulsa və sosial-mədəni körpülər – türkmənlər və Nəsimi irsi kimi – effektiv şəkildə istifadə edilsə, bu münasibətlər taktiki əməkdaşlıqdan strateji tərəfdaşlığa çevrilə bilər”.

Turan Rzayev
Globalinfo.az