Yanvarın 30-da Rusiyada “ru” domen zonasının fəaliyyətində problem yaranıb. Belə ki, “ru” domen zonasında “Yandex”, “Zen”, “Avito”, “Odnoklassniki” və digər saytların fəaliyyəti ilə bağlı şikayətlər daxil olub.
Bu məsələ bənzər problemin Azərbaycanda da yaşanması ehtimalını gündəmə gətirib. Maraqlıdır, yerli provayderlər buna hazırdırmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan İKT üzrə ekspert Elvin Abbasov deyib ki, Rusiya domeninin fəaliyyətinin məhdudlaşması texniki problemlə bağlıdır və digər ölkələrin domeninə təsir etmir:
“Həmin problem 10-15 dəqiqə davam etdi. Kiril əlifbası ilə açılan domenlərdə kiçik məhdudlaşma yarandı. Bu, normal haldır, bir çox ölkədə baş verir. Texniki yenilənmə səbəbindən də qaynaqlana bilər. Azərbaycandakı internet provayderləri ilə heç bir əlaqəsi yoxdur. Əgər Azərbaycanda “az” domeni çökərsə, “com” və digər domenlər fəaliyyətini davam etdirəcək”.
İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov isə qeyd edib ki, ölkəmizdə provayderlərin analoji duruma hazır olması geniş mövzudur:
“Bunun həm texniki, həm baza tərəfi var. Aidiyyəti qurumlar tərəfindən prosesə nəzarət edilir. Amma tam əminliklə “narahatlığa əsas yoxdur” demək olmaz. Texniki işlər varsa, riskin olma ehtimalı da nəzərə alınır və zəruri ehtiyat (backup) addımları öncədən hesablanır”.
Safura Bənnayeva
Globalinfo.az














