44 günlük savaşın qırılma anı – Ermənilərin ən güclü əks-hücumu

hadrut 132121

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da azad edilib.

Hadrutun işğaldan azad edilməsi müharibədə ermənilərin mənəvi-psixoloji çöküşünün əsasını qoydu, savaşın qırılma nöqtəsi oldu. Həmin vaxt ermənilər sosial şəbəkələrdə Hadrutun hələ də ermənilərin nəzarətində olması ilə bağlı saxta informasiyalar yayırdılar.

Hadrutun siyasi, hərbi və mənəvi çəkisi nə idi? Ermənilər buranın azad edilməsini niyə faciə kimi qəbul etdilər?

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, azərbaycanlıların gözündə Şuşa nə idisə, ermənilər üçün də Hadrut o idi:

“Onlar Hadruta hərbi, siyasi, mənəvi və s. cəhətdən əhəmiyyət verirdilər. Hadrut işğaldan azad olunanda siyasi baxımdan “Dağlıq Qarabağ”ın “statusu” rəsmən ləğv edildi. Çünki Azərbaycan birbaşa Qarabağın daxilində olan ərazini azad etmişdi. Prezident İlham Əliyev də həmin prosesdən sonrakı çıxışlarında statusun ləğvindən bəhs etməyə başladı. Hadrut hərbi cəhətdən də xüsusi əhəmiyyətə malik idi. Ermənilərin diviziyalarının qərargahları orada yerləşirdi. Hadrutun işğaldan azad olunması ilə həmin diviziyalar sıradan çıxarıldı”.

WhatsApp Image 2024 05 31 at 00.57.33

S.Məmmədin sözlərinə görə, bu əməliyyatdan sonra həm də Şuşaya yol açıldı:

“Məhz bu prosesdən sonra Şuşa istiqamətində hərəkətlilik başladı. Ermənilər Hadrutun işğaldan azad edilməsindən sonra saxta videolar yayaraq guya prosesin baş tutmadığını göstərməyə çalışırdılar. Çünki ora ermənilərin “mənəvi paytaxtı” sayılırdı.

7 oktyabr əməliyyatı zamanı ermənilərin ən böyük əks-hücum əməliyyatını Azərbaycan Ordusu dayandırdı. Ermənilər həmin vaxt çox güclü hücuma keçmişdilər. Əsas qüvvələri mühasirəyə almaq istəyirdilər, lakin gözlənilən olmadı. Məhz bu əməliyyatdan sonra erməni ordusu darmadağın edildi, mənəvi-psixoloji çöküş yaşadı və nəticədə Hadrutu azad etmək daha asan oldu. Bu, Ermənistana ikiqat zərbə demək idi”.

Ekspert qeyd edib ki, 7 oktyabr hadisəsi ilə bağlı Ermənistanda hələ də cinayət işi davam edir, məsələ araşdırılır:

“44 günlük müharibədən sonra belə ermənilər Rusiya sülhməramlıları, beynəlxalq qurumlar vasitəsilə Azərbaycandan Şuşanı yox, Hadrutu tələb edirdilər”.

Safura Bənnayeva
Globalinfo.az