Deputatdan maraqlı çıxış: 256 “xoruz”un “toyuqlar”ı dəstəkləməsi…

Fransa Erməni Assambleyası Azərbaycanı “təcavüzkar” adlandıran və sanksiyalarla hədələyən qətnamə qəbul etdi. Bundan əvvəl Senat da belə bir qətnamə qəbul etmişdi. Təbii ki, Fransanın bizə açıq düşmənçilik mövqeyi göstəməsinin və 256 “xoruz”un 44 günlük savaşda məğlub etdiyimiz “toyuqları”nı dəstəkləmək üçün çıxardığı qərarın İranın Qafandakı konsulluğunun bacasından çıxan tüstü qədər Azərbaycan üçün əhəmiyyəti və təsiri olmayacaq.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, bu kimi qərarları soyuqqanlı qarşılamalı və xeyrimizə işləyən variantlar üzərində düşünməliyik:

“Bütün hallarda bir çox dövlətlər Ermənistana rəğbət bəsləsələr də, irəlidə danışıqların subyekti birmənalı şəkildə Azərbaycan olmalıdır. Baxın, ABŞ və Rusiya da ermənilərin xeyrinə çalışır, ancaq gələcək danışıqlardan kənarda qalmamaq üçün münasibətləri kəsəcək addımlar atmırlar. Ən azı açıqlamalarda müəyyən dərəcədə balansı saxlamağa çalışırlar. Fransa artıq düşmən dövlət olduğuna görə bizim Avropa Birliyi (AB), Rusiya və ya ABŞ-nin iştirakı ilə sülh üçün aparacağımız hər hansı bir vasitəçilik müzakirələrində birmənalı kənarda saxlanılacaq. Necə ki, AB ilə müzakirələrdə Makronun iştirakı tələbinə Azərbaycan Prezidenti haqlı olaraq rədd cavabı verdi və müzakirələr kəsildi”.

F.Mustafanın sözlərinə görə, Fransa bu addımı ilə AB-nin Rusiya qarşısında mövqeyinə öldürücü zərbə vurmuş oldu:

“Artıq Fransanın hər hansı bir formatda yer alması Azərbaycan tərəfindən mümkünsüz kimi görüləcək. Necə ki, İran atdığı düşmənçilik addımı ilə bizim İsraillə əməkdaşlığımızı ən yüksək səviyyəyə qaldırdı. İllər öncə Türkiyənin də üzərində bir soyqırım kabusu dolanırdı. ABŞ-dən tutmuş Fransaya qədər – hamısı həvəslənib bir-birinin mətnini təkrarlayan qərarlar qəbul etdilər. Nə oldu?! Türkiyə ondan sonra bölgədə və dünyada öz gücünü daha da artırdı. Silah embarqosu qoydular, əvəzində özü ən modern silahlar istehsal edərək milli maraqlarını qətiyyətlə qorumağa davam etdi. Bir şeyi unudurlar ki, biz kimi xarakterli dövlətlərin üzərinə nə qədər ədalətsiz hücumlar olacaqsa, nə qədər üzərimizə bu cür xoruzlanacaqlarsa, öz milli maraqlarımızı bir o qədər qətiyyətlə müdafiə edəcəyik”.

Zaira Akifqızı
Globalinfo.az