Bu iki məsələ xalqın genefonduna ciddi zərbə vurur – Cəfəroğlu

Bu gün Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu mətbuat konfransı keçirib.

Globalinfo.az xəbər verir ki, konfransda hüquq müdafiəçiləri bir sıra istiqamətlərdə mövcud olan neqativ məsələlər haqqında danışıblar.

Qrupun üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə əvvəlcə Fransa Senatının bədnam qətnamə qəbul etməsindən bəhs edib, bunu beynəlxalq hüquqa zidd əməl qiymətləndirib.

O, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri vəzifəsindən istefa verməsi ilə bağlı məsələyə də toxunub:

“Azərbaycan 30 il ərzində işğal olunan torpaqlarımıza YUNESKO-nun missiya göndərməsi məsələsini qaldırırdı, təəssüf ki, bu qurum Qarabağda Azərbaycanın mədəni irsinin, tarixi abidələrinin vəhşicəsinə dağıdılmasına göz yumdu, işğal altındakı torpaqlarımıza missiya göndərmədi. Lakin 44 günlük Vətən müharibəsindən sonra YUNESKO Ermənistanın istəyi ilə azad edilən torpaqlarımıza missiya göndərmək, guya dağıdılan erməni abidələrinə dair monitorinq aparmaq niyyətinə düşdü, faktiki ikili standart mövqedən çıxış etdi. Mehriban xanımın bu addımı həm də diplomatik tərzdə etirazın nümunəsi olmaqla yanaşı, xalqımızın içindən gələn hərəkət oldu”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə diqqəti xalqımızın genefonduna ciddi zərbə vuran narkotik və əxlaqsızlıqla bağlı problemlərə yönəldib:

“Bu məsələdə mövcud durum bizi ciddi şəkildə narahat edir. Qanunla fahişəlik qadağandır. Düşünürük ki, əxlaqsızlıq yuvaları bağlanmalıdır. Ümumiyyətlə, bu istiqamətdə monitorinqlər həyata keçirilməlidir.

Azərbaycanın sərhədləri bağlıdır, ancaq bu, narkotikin yayılmasına mane olmur. Biz bu məsələyə də diqqətin artırılmasını vacib sayırıq. Bunu satan kimlərdir, necə əldə edirlər – hamısı diqqətdə saxlanılmalıdır. Bəzi ölkələrdə narkotikin, eləcə də fahişəliyin leqallaşdırılması və nəzarət altında olması təcrübəsi var. Mən hər zaman bunun əleyhinə olmuşam, amma bu, mənfi tendensiyaların qarşısını alacaqsa, müzakirə oluna bilər”.

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupuna xeyli sayda şikayətin daxil olduğunu qeyd edib:

“Pandemiya vaxtı nazir və məmurların qəbulu dayandırılmışdı. Səhv etmirəmsə, indi rayonlarda ayda bir dəfə belə qəbullar keçirilir. Ancaq Bakı şəhərində ya belə qəbullar olmur, ya da qəbula düşmək mümkün deyil. Hesab edirəm ki, bu, ciddi problemdir və həllini tapmalıdır”.

Digər hüquq müdafiəçisi Səidə Qocamanlı da Fransa Senatının məlum qətnaməsinin qəbuledilməz olduğunu, eləcə də birinci xanım Mehriban Əliyevanın Azərbaycana qarşı ikili standartlar nümayiş etdirən YUNESKO-nun xoşməramlı səfiri vəzifəsindən istefa verməsini dəstəkləyib.

Monitorinq Qrupunun toplantısında başqa mövzularla da bağlı müzakirələr aparılıb və həlli istiqamətində təkliflər dinlənilib.

Zaira Akifqızı
Globalinfo.az