1984-cü ildə Ermənistana verilən ərazilərimiz – “Xəyanət razılaşması”

“1980-ci illərdə azərbaycanlılar Ermənistan SSR-in Noyemberyan rayonunun Dovex kəndi ilə Azərbaycan SSR-in Qazax rayonunun Xeyrimli kəndi arasında yerləşən meşəlik ərazi üçün Sovet hakimiyyətinə məktublar yazırdılar”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan SSR-də Nazirlər Soveti sədrinin müavini olmuş Vladimir Movsisyan deyib.

Movsisyan bildirib ki, o zamanlar həmin meşəlik ərazi və oradan yerləşən bulaqlardan təkcə ermənilər istifadə edib, azərbaycanlılar ora buraxılmayıb.

Onun sözlərinə görə, ard-arda Sovet hökumətinə narazılıq məktublarının göndərilməsindən sonra Bakı və İrəvana komissiyanın yaradılması ilə bağlı tapşırıq verilib:

“Azərbaycanlılar intensiv şəkildə məktublar göndərdilər. Daha sonra Moskvadan Azərbaycan və Ermənistan Kommunist Partiyalarının Mərkəzi Komitələrinin sədrləri Kamran Bağırovla Karen Dəmirçiyana tapşırıq gəldi. Onlara sərhəddə demarkasiya komissiyalarının yaradılması deyildi. Bir müddət danışıqlar aparıldı, müzakirələr keçirildi. Daha sonra Ermənistan tərəfinin təqdim etdiyi sənədlərə əsasən bir razılaşma əldə olundu. Nəticədə 1984-cü ildə  Azərbaycan SSR-in Qubadlı rayonu kolxozunun istifadəsində olan ərazilər, Bağanis Ayrım, həmçinin Qazaxın rayonunun Əskipara kəndinin əraziləri Ermənistan SSR-in Şurnux kolxozunun nəzarətinə verildi”.

“Həmin vaxt Azərbaycan SSR-in o bölgədə yaşayan kəndlərinin əhalisi ciddi narazılıq etdilər və razılaşdırılmış torpaqların Ermənistan SSR-in nəzarətində olan ərazi kimi rəsmiləşdirilməsinə qarşı çıxdılar. Hələ o vaxt bu məsələyə görə həmin bölgədə yaşayan azərbaycanlılarla ermənilər arasında ciddi qarşıdurma olmuşdu”, – V.Movsisyan vurğulayıb.

Ayşən Mustafa
Globalinfo.az