12 il öncə Bakıda başladı, Xocalıda tamamlandı – İki tarixi FOTO

Təqdim etdiyimiz iki şəklin əslində izaha ehtiyacı yoxdur. 2012-ci il 26 fevralda (soyqırımın 20-ci ildönümündə) Xocalı qurbanlarının xatirəsini yad etmək üçün Bakıda baş tutan yürüş, o izdiham 2024-cü il 26 fevralda Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Xocalıda yaşandı. Həmin an hər kəsin üzündə o ağrı, kədərlə yanaşı qürur hissi də duyulurdu.

Xocalı azaddır, öz yurdundan qəddarcasına didərgin salınan xocalılılar bu gün doğma torpaqlarına qayıdırlar…

Dünən, fevralın 26-da Xocalının ən panoramalı hissəsində soyqırım memorialının təməlqoyma mərasimi keçirildi. Bundan sonra işğaldan azad olunmuş digər ərazilərimiz kimi burada da yüksək quruculuq işlərinin həyata keçəcəyinə, günü-gündən abadlaşacağına, yeni layihələrin hazırlanacağına və xalqımızın rifahı üçün addımların atılacağına şübhə yoxdur.

12 il öncə Bakıda başlayan Xocalı yürüşü dünən öz məntiqi yekununa çatdı. Prezident İlham Əliyev 2012-ci il fevralın 26-da Bakıda başladığı yürüşünü Qarabağ zəfəri ilə başa çatdırdı.

O, Xocalı sakinləri ilə görüşdə qeyd edib ki, Bakıda soyqırım memorialının tikilməsini hər il təxirə salıb və hər dəfə bu qərarla bağlı tərəddüd edib. Ölkə başçısı Qarabağın və digər işğaldakı torpaqların azad ediləcəyinə hər zaman inandığını, Zəfərin əsasını bu inamın təşkil etdiyini vurğulayıb.

Budur, həmin memorial Xocalıda tikiləcək. 12 il öncə İlham Əliyevin xalqı arxasına alıb çıxdığı yolun sonu uğurlu oldu.

Safura Bənnayeva
Globalinfo.az