Zəngəzur dəhlizi Laçın yolu ilə eyni ola bilməz – MARAQLI ƏSAS

Zəngəzur dəhlizi necə olacaq? – Bəzi detallar AÇIQLANDI

“Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması suveren haqqımızdır”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva Prezident İlham Əliyevin “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”  sözlərini şərh edərkən deyib.

O bildirib ki, işğaldan azad etdiyimiz, Bayrağımızı sancmadığımız bölgələr suveren ərazilərimizdir və bu faktı BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla bütün müvafiq hüquqi konsepsiyalar təsdiqləyir:

“Müharibədə qalib gəlmişik, qarşı tərəfin ağ bayraq qaldırması nəticəsində kapitulyasiya aktı imzalanıb. Tamamilə humanist aspektdən yanaşaraq, müəyyən müddət üçün humanitar daşımaların həyata keçirilməsi məqsədilə Xankəndidən Ermənistana yol nəzərdə tutulub. Ölkəmiz üzərində götürdüyü bu öhdəliyi yerinə yetirib. Lakin qarşı tərəf rus sülhməramlılarının da iştirakı ilə yoldan təyinatından kənar qaçaqmalçılıq vasitəsi kimi istifadə edib. Bu addımlar bizim suveren haqqlarımızın, ərazi bütövlüyümüzün pozulmasından əlavə, bölgədə başladılmalı olan reinteqrasiya prosesinin qarşısı alınıb”.

Züriyə Qarayeva

Politoloq qeyd edib ki, İrəvan Zəngəzur dəhlizi məsələsində oynamağa cəhd edir:

“Halbuki razılaşmada “dəhliz” ifadəsinin yer almasına ehtiyac yoxdur. Əvvəla, “maneəsiz keçid” dəhlizi ehtiva edir. İkinci tərəfdən, Paşinyan hansı haqla Laçın yolu ilə Zəngəzur dəhlizini tərəzinin eyni gözünə qoya bilər? Laçın yolu Azərbaycanın öz ərazisindən başqa ölkəyə keçid verir. Zəngəzur dəhlizi isə Azərbaycanın ərazisindən yenə Azərbaycan ərazisinə (Naxçıvan MR) keçidi təmin edir. Bu halda Laçın Zəngəzur üçün presedent təşkil edə bilməz”.

Turan Rzayev
Globalinfo.az