Zelenski Putinin yaxınlaşa bilmədiyi yerə gedir – Bakı diqqətlə izləyir

Ukrayna Prezidenti Volodimir Zelenskinin martın 4-də Ermənistana səfəri planlaşdırılır. Erməni siyasətçilər belə fikir səsləndirirlər ki, Ukrayna prezidenti İrəvanda hüquq-mühafizə orqanları tərəfindən həbs oluna bilər. Ermənistanda rusyönümlü qüvvələrin varlığının Zelenski üçün təhlükə hesab edənlər də var.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, müharibə başladıqdan bəri Zelenski nadir hallarda xarici ölkələrə gedir:

“Zelenskinin Ermənistana səfəri sülh prosesi dönəmində Cənubi Qafqazda Azərbaycan üçün də ciddi əhəmiyyət kəsb edir. Belə ki Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan Kiyevə humanitar yardımlar edib. Həmçinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb. Bu baxımdan sözügedən səfər Bakıda da diqqətlə izlənilir”.

Politoloqun fikrincə, Ermənistan Rusiya-Ukrayna müharibəsi başladığı gündən ziqzaqvari hərəkətləri ilə seçilib:

“Gah Rusiyaya, gah da Ukraynaya yardım göstərib. Son zamanlar Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya qarşı ciddi addımlar atıb. Burada Kollektiv Qərbin rolu danılmazdır. Zelenskinin Ermənistana səfəri Qərbin təkidi altında təşkil ediləcək. Bu yolla Kollektiv Qərb Nikol Paşinyan hakimiyyətini sınaqdan keçirməyə cəhd göstərir. Digər tərəfdən Rusiya və Ermənistan arasında qalan körpüləri tam dağıtmaq niyyətini göstərir. Rusiya Prezidenti Vladimir Putin Roma Statutunun təsdiq edilməsi səbəbindən Ermənistana səfər edə bilmədiyi halda sözügedən səfərin həyata keçməsi Moskvaya aşağılayıcı mesajdır”.

X.Bərşirovun sözlərinə görə, Zelenskinin İrəvana səfərindən sonra Ermənistan-Rusiya münasibətləri daha da pisləşəcək.

Safura Bənnayeva
Globalinfo.az