Zaur Qəriboğlu: “Bilmirəm, belə bir absurd qərarı kim verib”

Hazırda müzakirə olunan mövzulardan biri də Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinə görə vergi ödənilməsidir. Bildirilir ki, 2023-cü ildən etibarən Azərbaycan sosial şəbəkələrdən istifadəyə görə vergi ödəməli olacaq. Vergidən yayınma halında isə sosial şəbəkələr ölkədə fəaliyyətini dayandıra bilər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan jurnalist Zaur Qəriboğlu belə bir addımın yanlış olduğunu deyib.

O bildirib ki, yutub kanalı olan şəxslər əldə etdiyi gəlirdən müəyyən miqdarda vergi ödəyir:

“Məsələn, “YouTube” platforması beynəlxalq bir platformadır və mövcud olduğu ölkəyə də vergi ödəyir. İndi durub bütün dünyaya vergi verməlidir? Və ya bizim yutub kanalımız var, oradan pul qazanırıq və dövlətə vergi ödəyirik. Bunu gəlir əldə etdiyim üçün mən verirəm də. Kim yutub kanalından pul qazanırsa, onsuz da o adam vergi ödəyir. Ona görə də bilmirəm, belə bir absurd qərarı kim verib, amma mən bunu doğru hesab etmirəm”.

Zaira Akifqızı
Globalinfo.az