“Yəqin Rusiya hakimiyyəti Zatulinin qulağını çəkər” – Bakıdan etiraz

“Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər, həmçinin ötən ilin sentyabrındakı birgünlük antiterror əməliyyatları ilə bütün ölkə ərazisində dövlət suverenliyimiz bərpa edildi. Yəni torpaqlarımız Ermənistanın işğalından azad edildi, həmçinin Qarabağda uzun illər mövcud olmuş oyuncaq hərbi xuntanın qondarma rejimi diz çökərək özünü buraxmağa məcbur qaldı. Təbii ki, bu, Azərbaycanın dostlarını, o cümlədən regionda əbədi sülh istəyən ölkələri nə qədər sevindirdisə, erməniləri və erməni yalına aludə olub, gecə-gündüz bizə diş qıcıyanları o qədər kədərə qərq etdi. Onlardan biri də Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulindir”.

Globalinfo.az xəbər verir ki, bunu VI cağırış Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycanın tarixi zəfərindən sonra bərk sancılanan bu ünsür ermənilərdən də betər ermənilik edir:

“Əvvəla, onu zatıqırıq siyasətçi adlandırsaq daha doğru olardı. O mənada ki, “etiqad məbədi” erməni diasporundan aldığı pula o qədər aludə olub ki, hətta Rusiyanın dövlət maraqlarını belə yaddan çıxarıb. Biz bu tərəfinə qarşımırıq. Yəqin ki, Rusiya hakimiyyəti onun “qulağını çəkər”. Xüsusilə də onun son başıpozuq hərəkəti ilə bağlı dəyərəli səfirimiz Polad Bülbüloğlunun Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə göndərdiyi məktubdan sonra bu zatıqırıq siyasəti ilə bağlı bir tədbirin görüləcəyinə ümid edirik”.

Vüqar İskəndərov

V.İskəndərov deyib ki, daim ermənipərəst, təxribatçı açıqlamaları ilə seçilən rus deputat növbəti dəfə Qarabağ mövzusunda yalanlar uydurmağa başlayıb:

“O son bir neçə ildə olduğu kimi bu dəfə də utanmadan gorbagor olmuş qondarma rejimə təbrik məktubu yazıb. Bu azmış kimi bu ünsür yazdığı cızma-qarada utanmazcasına reallıqları təhrif etməklə yanaşı, Bakıda həbsdə olan keçmiş separatçıların halından da ürək ağrısı ilə bəhs edib. Necə deyərlər, erməni yalına görə bizə diş qıcıyan bu ünsürün növbəti sərsəmləməsinin şahidi oluruq. Amma bu, bizə heç də təəccüblü gəlmir. Çünki Azərbaycan ictimaiyyəti təxminən 5-6 ildir ki, onun sərsəmləmələri ilə qarşılaşır. Yəni onun Qarabağ məsələsində hər zaman ermənilərin sadiq nökəri olduğu kimsəyə sirr deyil.
Heç uzağa getməyək, K.Zatulin işğal dönəmində, daha dəqiqi 2019-cu ildə Xankəndinə səfər edib, o zaman separatçılara başçılıq edən Bako Saakyanla görüşmüşdü”.

V.İskəndərovun sözlərinə görə, 2020-ci ilin dekabrında Konstantin Zatulin bir daha sərsəmləyərək “Qarabağdakı abidələr albanlara deyil, ermənilərə məxsusdur” demişdi:

“Həmin vaxt o, “Azərbaycanın Zəngəzur, Göycə və İrəvan haqqında dedikləri maskalanmamış ərazi iddiasıdır. Azərbaycanın bu torpaqlarda məskunlaşma tarixini əsassız olaraq mənimsəməsi ilk dəfə deyil. Əslində azərbaycanlıların əcdadları orada XII əsrdə meydana çıxmışdılar. Lakin erməni tarixi abidələri əvvəllər Qarabağda idi. Buna baxmayaraq, Bakı onları alban adlandırır” şəklində sərsəm fikirlər səsləndirmişdi. Bu ünsürün daha bir sərsəmləməsi isə 2021-ci ilin iyununda oldu. Həmin vaxtda da bu ermənipərəst ünsür Şuşa bəyannaməsini hədəfə almış, “Şuşa bəyannaməsinin Ermənistana qarşı yönəldiyinə şübhəm yoxdur” deyə axmaq iddia səsləndirmişdi. Eə həmin ilin dekabrında onun etdiyi daha bir həyasız çıxış diqqətdən yayınmadı. Həmin vaxt o utanmadan “İlk dəfə eşidirəm ki, XX əsrdə yaranmış Azərbaycanın 3000 illik Ermənistan ərazisində tarixi torpaqları var”, – deyə sərsəmləmişdi”.
V.İskəndərov xatırladıb ki, K.Zatulinin erməni sevgisi bununla da tamamlanmır:

“Bu türk düşməni gah Azərbaycanın guya Qarabağdakı “erməni kilsələrini” zorla albanlaşdırdığını, gah da Rusiya sülhməramlılarının Qarabağdan çıxmasının qəbuledilməz olduğunu iddia edib. Amma bu ünsür barədə bir məsələni də qeyd etməyi vacib sayıram. Məsələ burasındadır ki, gecə-gündüz ermənilərə züy tutan bu zatıqırıq siyasətçinin üzünə Ermənistanın qapıları bağlanıb. Belə ki, 2022-ci ilin oktyabrında onun Ermənistana girişi qadağan edilib. Yəni, Ermənistan hakimiyyəti belə K.Zatulinə hörmət qoymur. Hesab edirəm ki, artıq şərhə ehtiyac yoxdur”.

Globalinfo.az