İsrail-HƏMAS gərginliyi hazırda dünya ictimaiyyətinin əsas müzakirə mövzusuna çevrilib. Müxtəlif versiyalar səslənir, ehtimal nəticələrə dair şərhlər verilir. Təbii ki, hazırda verilən suallardan biri də prosesin digər regionlara təsirinin necə olacağıdır.
Maraqlıdır, Yaxın Şərqdəki böhran Cənubi Qafqazdakı proseslərə təsir edə bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, müharibənin genişlənmə ehtimalı böyükdür:
“İsrail birinci mərhələdə HƏMAS-la məsələni bitirməyə çalışacaq, lakin bunu bacaracağını düşünmürəm. Rəsmi Təl-Əviv növbəti hədəf kimi Suriya və İrana zərbələr endirə bilər. Çünki hər iki ölkədə İsrail üçün potensial təhdid yaradan məntəqələr var. Bu da regionda vəziyyəti dəyişəcək.
Elxan Şahinoğlu
İsrail İrana zərbələr vursa, rəsmi Tehran da öz növbəsində təlimat verəcək ki, Hizbullah aktivləşsin və İsrailə daha intesiv, sərt zərbələr vursun. Hesab edirəm, bunun fəsadları Cənubi Qafqaza sıçraya bilər.
Artıq İranda anti-Azərbaycan şüarları artıb. Xüsusilə iki ölkənin münasibətlərinin normallaşdığının deyildiyi bir zamanda bunun baş verməsi diqqət çəkir. Hadisələrin indiki vəziyyəti onu göstərir ki, müharibə davam edəcək. HƏMAS-İsrail savaşında 10 mindən çox insan ölə bilər. İsrail daha aqressiv müharibə aparacaq”.
Turan Rzayev
Globalinfo.az