“Yatmış şəbəkə” kod adlı əməliyyat keçirildi: 90-a yaxın şübhəli…

Türkiyə təhlükəsizlik qüvvələri ölkənin 18 vilayətində PKK-ya qarşı “Yatmış şəbəkə” kod adlı əməliyyat keçirib. Əməliyyat çərçivəsində 90-a yaxın şübhəli saxlanılıb.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktı ilə bağlı araşdırmalar başlayıb.

Maraqlıdır, Türkiyənin ölkə daxilində başlatdığı əməliyyat ölkə xaricinə də sıçraya bilərmi? Bu, Suriya və İraqın şimalında yeni əməliyyatların anonsudur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, PKK-nın Ankarada törətdiyi terror aktına klassik problematikadan kənar şəkildə baxsaq, bunu Türkiyənin genişlənən strateji siyasətinə qarşı reaksiya kimi şərh edə bilərik:

Aqşin Kərimov

“Türkiyənin qlobal səviyyədəki iştirakçılıq dərəcəsinin artması, onun Rusiya, Qərb, Çin arasındakı rəqabətdə əhəmiyyətli şəkildə tryuk sahəsi qazanması qısqanclıqla qarşılanır.

Ankaranın yaratdığı habın qarşısına sədd çəkməkdən ötrü, PKK-nın siluetlərini Cənubi Qafqazda da hiss etdirmək tendensiyaları gələcəkdə görünə bilər.

Çünki Ankara məhz Qarabağdakı müharibənin nəticələrindən sonra Cənubi Qafqazda geniş təmsilçilik səlahiyyəti qazandı, indi onun strateji prioritetlərindəki İraq, Suriya istiqaməti Cənubi Qafqazla əlaqəli şəkildə inkişaf edir.

Bu əlaqəni qırmaq üçün hibrid vasitə PKK meydana atılır, mən hesab edirəm ki, PKK Ankaradakı terrorla Türkiyənin Suriya və İraqdakı kəşfiyyat əməliyyatlarına qarşı cavab tədbiri həyata keçirdiyi mesajını verir.
Ancaq Türkiyə PKK-ya qarşı əməliyyat çərçivələrini əhəmiyyətli şəkildə genişlədib bir növ terror təşkilatının regional mühasirəsi reallaşır.

Türkiyənin müdafiə sənayesindəki əldə etdiyi uğurlu və effektiv silahlar PKK üçün kabusdur, ona görə də, bundan sonra PKK aktivləşsə belə, Ankara həm öz gücü ilə, həm də İsraillə dərinləşən kəşfiyyat əməkdaşlığı ilə onu zərərsizləşdirməkdə çətinlik çəkməyəcək”.

Turan Rzayev
Globalinfo.az