Rusiya sülhməramlılarının tezliklə Xocalı aeroportundan da çıxacağı ilə bağlı məlumatlar yayılır. Buranın yaxın gələcəkdə Zəngəzur dəhlizi konsepsiyasında hansı funksiyalara malik olacağı isə sual doğurur.
Maraqlıdır, Şərqdən Qərbə daşınmalarda Xocalı hava limanından istifadə etmək mümkün olarmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyət göstərəcək hava limanları ölkə üzərindən dəhlizlərin reallaşmasına dəstək olacaq:
“Bu hava limanları bir tərəfdən Şimal-Cənub, digər tərəfdən isə Qərb-Şərq nəqliyyat dəhlizinin reallaşması baxımdan vacibdir. Rusiya və İrana qarşı sanksiyalar kontekstindən Azərbaycan üzərindən yükdaşımalar xüsusi əhəmiyyət daşıyır”.
Deputatın fikrincə, Xocalı hava limanı beynəlxalq yükdaşımalarda vacib nəqliyyat qovşağına çevrilə bilər:
“Onun imkanları gələcəkdə daha da artacaq. Bərpa, yenidənqurma işləri həyata keçirildikdən sonra işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun inkişaf etməsi gözləniləndir”.
İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edir ki, Xocalı aeroportunun Azərbaycanın nəzarətinə keçməsi müsbət haldır:
“Bu həm də Azərbaycanın təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Yenidənqurma işlərindən sonra nəqliyyat dəhlizləri sözügedən konsepsiyada mühüm rol oynayacaq. Hava limanları strateji obyektlərdir. Lakin bunun yükdaşımalara nə qədər kömək edəcəyini söyləmək çətindir. Hava nəqliyyatı ilə yükdaşımalar çox bahadır. Ona görə də çatdırılması vacib olan məhsulların aeroporta, oradan da nəqliyyat dəhlizləri vasitəsilə ünvanlara çatdırılması mümkündür”.
Ekspert Xocalı aeroportunun başqa funksiyalarının olacağını da bildirib:
“İşğaldan azad edilmiş Qarabağ və ətraf bölgələrin çox böyük turizm potensialı var. Bunun genişlənməsində sözügedən hava limanının müsbət rolu ola bilər”.
Safura Bənnayeva
Globalinfo.az