Rusiya Türkiyədəki səfirini dəyişmək niyyətindədir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Nəşr yazır ki, üç mənbədən əldə olunan məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun müavini Sergey Verşin yeni səfir olacaq.
Məlumata görə, o, 2018-ci ilin mart ayından nazir müavini vəzifəsində çalışır, buna qədər Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin direktoru olub. Eyni zamanda, 2011-ci ildən XİN-in Yaxın Şərq nizamlanması üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub. Bu vəzifədə o, Yaxın Şərq dördlüyü danışıqlarında (Rusiya, ABŞ, Aİ və BMT) Rusiyanı təmsil edib. 2013-cü ildən Suriya nizamlanmasında və müxtəlif beynəlxalq formatlarda fəal iştirak edib. O, 2017-ci ilin yanvarından Astana formatı danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri olub, Cenevrə və Vyanada Suriya müxalifətinin nümayəndələri ilə görüşlərdə iştirak edib.
Sergey Verşin Rusiyanın Türkiyədəki səfiri vəzifəsini 2017-ci ildən bu yana icra edən Aleksey Erxovu əvəz edəcək.
Əliyar Xəlil
Globalinfo.az