“Ermənilərin qəribə xüsusiyyətləri var. Əvvəlcə yalan deyirlər, sonra bu yalanı ifşa edirlər. Misal üçün, 2022-ci ilin son gününə qədər “Azərbaycan Qarabağ ermənilərini blokadada saxlayır” deyən, dünya ölkələrindən yardım dilənən separatçı ermənilər Xankəndidə dəbdəbəli yolka qurub, şənlik keçirdilər”.
Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli dekabrın 31-də Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində ermənilərin təşkil etdiyi Yeni il şənlikləri haqda danışarkən deyib.
Onun sözlərinə görə, Xankəndiyə bütün humanitar vasitələr çatdırılır:
“Ərzaq, yanacaq, enerji problemləri yoxdur. Rusiya sülhməramlıları da qanunsuz şəkildə onlara yardım edirlər. Bütün bunların əyani sübutunu isə Xankəndidə baş tutan Yeni il şənliyi ilə görə bilərik. Dəbdəbəli yolka qurdular, bütün restoranlar da səhərə qədər çalışdı. Blokada şəraitində olan bir ərazidə bunlar baş verə bilərmi? Əlbəttə ki, xeyr. Bu hal bir daha göstərir ki, ermənilərin tək niyyəti və hədəfi işğalçılıq, separatçılıqdır”.
Politoloqun sözlərinə görə, Fransa kimi erməni maraqlarına xidmət edən ikiüzlü ölkələr reallığı görə-görə hələ də Azərbaycanı ittiham edirlər:
“Rəsmi Paris artıq elə bir mərhələyə gəlib çatıb ki, etdiklərinə təəccüblənmirik. 2022-ci ilin sonlarında BMT-də həyata keçirmək istədiyi çirkin siyasət də bunun pik həddi oldu. Görünür, Fransa üçün Azərbaycanla münasibətlərin heç bir əhəmiyyəti yoxdur.
Bu bir daha onu deməyə əsas verir ki, rəsmi Bakı düz yoldadır və heç bir təzyiqə boyun əymədən bu yolda əmin addımlarla irəliləyəcək. Biz nə Fransanın, nə Ermənistanın, nə də separatçıların şıltaqlıqlarına dözməyəcəyik. Eləcə də daha bir 27 il Xankəndi və ətrafı üçün mübarizəyə vaxt getməsinə imkan verməyəcəyik”.
Turan Rzayev
Globalinfo.az