Xankəndidə daha 10 nəfər işlə təmin olundu – FOTOLAR

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas hədəflərindən biri azad edilmiş ərazilərə qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsidir.

Globalinfo.az xəbər verir ki, öz doğma yurd-yuvalarına qayıdacaq keçmiş məcburi köçkünlərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xankəndi şəhəinə köçməyə hazırlaşan sakinlərin bir qrupunun işlə təmin olunması barədə müraciətlərinə baxılıb.

Xankəndi şəhərində təşkil olunan tədbirdə  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Etibar Məmmədov bildirdi ki, öz dədə-baba yurdlarına qayıdan insanların məşğulluğu əsas prioritetlərdən biri elan edilib və bununla bağlı möhtərəm Prezident İlham Əliyevin  tapşırıqlarına uyğun olaraq Agentliyin Qarabağ Regional Sukanal İdarəsi,  eləcə də Xankəndi Sukanal Sahəsi yaradılıb.

İdarənin işçi heyətinin komplektləşdirilməsi zamanı işğaldan azad olunmuş şəhərlərin və rayonların sakinlərindən daxil olan müraciətlərə xüsusi həssaslıqla yanaşılır. Bu gün Xankəndi şəhərində təşkil olunan görüşdə  məcburi köçkünlərin bir qrupunun müraciətinə baxılır və onlar ixtisaslarına və peşələrinə uyğun işlə təmin olunacaq.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Perzidentin xüsusui nümayəndəsi Elçin Yusubov bildirdi ki, Xankəndində ilk dəfədir təşkil olunan tədbirdə Xankəndi  sakinlərinin bir qisminin işlə təmin olunması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına müsbət töhfələr verəcək. Doğma yurdlarına  geri qayıdan insanların məşğulluğunun təmin olunması əsas məsələlərdən biridir və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dövlət qurumları arasında  göstərdiyi ilk təşəbbüs təqdirəlayiqdir.

Görüşdə 10 nəfər Xankəndi  sakininin müraciətlərinə baxılıb, onlar ixtisaslarına və peşə bacarıqlarına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sunkanal İdarəsinin Xankəndi Sukanal Sahəsində işlə təmin olunublar.

kecmis-mecburi-kockunlerin-muracietlerine-baxildi