Xankəndi sakini: “Zirzəmidə gizlənmişdik, rus əsgəri gəlib bizi…” – MÜSAHİBƏ

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xankəndiyə köçlə bağlı çoxsaylı müraciətlərin olduğunu açıqlayıb. Bu məsələ azərbaycanlıların Xankəndi şəhərinə qayıtması məsələsini yenidən gündəmə gətirib.

Globalinfo.az Xankəndi sakini Xatirə Salmanova ilə müsahibəni təqdim edir:

– Xatirə xanım, Xankəndi ilə bağlı son xatirələrinizi bilmək istəyərdik.

– 1988-ci il sentyabrın 19-da Xankəndidən çıxmışam. Ən faciəli günləri orada 3 uşaqla yaşamışam. 18-dən 19-na keçən gecə saat 5-dən zirzəmidə gizlənmişdik. Saat 9-da rus əsgərləri gəlib bizi oradan çıxartmışdı. Körpə uşağım səhərə qədər ac qalıb. O qədər ağladı ki, hətta öldüyünü düşündük. Rus əsgəri ilə birlikdə onun yeməyini götürmüşdük. Həmin gecə səhərə qədər orada olan azərbaycanlı ailələrlə zirzəmidə qalmışdıq.

– Həmin illərdə erməniəsilli tanışlarınız, qonşularınız olubmu?

– Qonşumuz erməni idi. Uşağım o vəziyyətə düşəndə həyat yoldaşımın əmisi sürünə-sürünə həmin qonşunun qapısına getdi ki, bəlkə, gizlincə su, çay ala bilər. Gördük ki, bizə “qorxma”, “ biz sizinlə çörək kəsmişik, sizə bir şey olmasına imkan vermərik, qoruyarıq” deyən qonşu qapısına kilid vurmuşdu.

Xatirə Salmanova

– Xankəndidən sonra nə baş verdi, hara getdiniz?

– Bunun ardınca bizi əvvəlcə Xocalıya apardılar. Orada da çox böyük faciə baş vermişdi, vəziyyət yaxşı deyildi. Çox çətinliklə bizi Ağdama apardılar. Ac-susuz qalmışdıq. Ağdamın icra başçısı bizi 50 nömrəli peşə məktəbinə yerləşdirdi. 3 ay orada qaldıq. Xocalıya şəhər statusu verildikdən sonra tikilən evlərə yerləşdirildik.

– Məlum olduğu kimi, “Böyük Qayıdış” başlayıb. Siz necə, evinizə qayıtmaq istəyirsinizmi?

– Əlbəttə! Biz Xankəndidən çıxandan sonra Xocalıda məskunlaşdıq. Orada evimiz olsa da, Xankəndiyə köçmək istəyirəm. Xan şəhərində məskunlaşmağı səbirsizliklə gözləyirik.

Safura Bənnayeva
Globalinfo.az