Vəziyyət çox ağırdır: Nüvə silahları anbarlardan çıxıb – müharibə an məsələsidir

NATO nüvə başlıqlı raketlərini döyüş vəziyyətinə gətirdiyini deyib. Bu haqda baş katib Yens Stoltenberq açıqlama verib.

O, həmçinin Çini hədələyib. Deyib ki, Çin Rusiyaya Ukraynada istifadə üçün hərbi texnika tədarük edir. Onun sözlərinə görə, Pekin Moskvaya verdiyi dəstəyə görə cavab verməlidir:

“Bu, regional təhdid deyil. Çin Avropada II Dünya müharibəsindən sonrakı ən böyük hərbi konflikti alovlandırır, eyni zamanda isə Qərblə yaxşı əlaqələrini saxlamaq istəyir. Pekin eyni anda həm bunu, həm onu edə bilməz. Əgər Çin nə vaxt kursunu dəyişməsə, müttəfiqlər onu hesab ödəməyə məcbur edəcəklər. Addımların nəticələri olmalıdır”.

Rusiya rəsmiləri də vaxtaşırı eyni ritorikada danışır. Ukrayna müharibəsi başlayandan Moskvadan nüvə hücumu ilə bağlı xəbərdarlıqlar, hədələr səsləndirilib. Bu bəyanatlara müxtəlif dövrlərdə Prezident Vladimir Putin, keçmiş müdafiə naziri Sergey Şoyqu, Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedyev, Kremlin sözçüsü Dmitri Peskov müəlliflik ediblər.

Stoltenberqin bu açıqlaması simulyasiyadır, hədələrə cavabdır, yoxsa gerçəkdən qlobal müharibəyə hazırlıqdır?

Xatırladaq ki, Şimali Koreya və Çin də nüvə arsenalı ilə bağlı tez-tez bu cür açıqlamalar verir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz beynəlxalq güc mərkəzlərinin nüvə təhdidini ciddi qəbul etdiyini bildirib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə Rusiya ilə bu ölkə arasındakı hesablaşma deyil:

“Bu, Şərq dünyası ilə NATO arasında müharibədir. Ən təhlükəlisi isə odur ki, bu müharibədə beynəlxalq güc mərkəzləri də yer alıb. Diqqət ayırsanız görərsiniz ki, ötən həftə Ukrayna ilə bağlı 3 beynəlxalq toplantı keçirildi. Bunlardan biri G7-lərin İtaliya sammiti idi ki, orada Ukraynaya əlavə 50 milyard dollar ayırmaq barədə qərar qəbul olundu. Elə həmin ərəfədə NATO ölkələrinin xarici işlər nazirləri Almaniyada toplanıb ABŞ-da Tramp hakimiyyətə gələcəyi təqdirdə, Ukraynaya hərbi dəstəyin kəsilməməsi üçün indidən bəzi tədbirlərin alınması müzakirə olundu. Üçüncü görüş Avstriyada keçirilən Ukrayna Sülh Sammiti idi. Bu sammitdə diqqəti cəlb edən əsas məsələ indiyədək Rusiyanın yanında yer alan Macarıstan və Serbiya kimi ölkələrin də toplantının yekun sənədinə imza atması oldu. Bu, bütün Avropa ölkələrinin Rusiyaya qarşı birləşməsi anlamına gəlirdi”.

Heydər Oğuzun fikrincə, ötən həftədəki sammitlərdən ən yadda qalanı NATO xarici işlər nazirlərinin görüşüdür:

Praqada NATO-ya üzv dövlətlərin XİN başçılarının ikigünlük sammiti keçirilir

“Çünki bu sammitdə Trampın hakimiyyətə gələcəyi təqdirdə Ukraynaya yardımların axmaması müzakirə olunurdu. Bu isə o anlama gəlir ki, ABŞ-da Ukrayna-Rusiya müharibəsinə iki fərqli münasibət var və hətta Pentaqon belə, bu fikir ayrılığının əlində aciz qalıb. Belə çıxır ki, ABŞ-ı idarə edən güc mərkəzlərinin bəziləri Rusiyanı, bəziləri isə Ukraynanı dəstəkləyir. Əks halda Trampın yola gətirilməsi Pentaqon üçün çətin olmazdı”.

İndiyədək konspiroloji mülahizələrə inanmadığını bildirən siyasi şərhçi ötən həftə yaşanan bir hadisənin də bu mülahizələri dəstəklədiyini etiraf edib:

“Bilirsiniz ki, 1974-cü ildə Səudiyyə Ərəbistanı ilə ABŞ arasında bağlanmış bir saziş vardı. 50 illiyə bağlanan bu müqavilənin müddəti iyunun 8-də bitirdi. Müqaviləyə görə, ABŞ dolları neft qiymətlərinə indeksləşmişdi. Bununla da dolların qızıl ekvivalentliyi ortadan qalxmış, ABŞ valyutası Səudiyyə Ərəbistanının hasil etdiyi neftə bağlanmışdı. Məntiqlə, Ər-Riyad bu sazişin vaxtını uzatdığını elan etməli idi. Lakin həmin bəyanat gəlmədi. Belə anlaşıldı ki, artıq dollar öz beynəlxalq gücünü itirəcək və dedollarizasiya dövrü başlayacaq. Bu isə dünya ticarətində çoxvalyutalı sistemə keçmək deməkdir”.

Ötən həftə baş verənlərin qlobal güc mərkəzləri arasında böyük savaşın getməsi barədə mülahizələri təsdiqlədiyini bildirən Heydər Oğuz bunun III Dünya savaşına səbəb ola biləcəyindən narahatdır.

Onun fikrincə, Avropada ultra-sağ qüvvələrin getdikcə xalq nəzdində nüfuz qazanması və Fransa, Belçika kimi Avropa ölkələrində hökumətlərin istefaya getməsi, Almaniyada da bənzər proseslərin güclənməsi dünya geosiyasətində qırılmaların yaşanmasına gətirib çıxara bilər:

“Xüsusilə ABŞ-da bu ilin noyabr ayında keçiriləcək prezident seçkilərində Trampın hakimiyyətə gəlməsi beynəlxalq güc mərkəzləri arasındakı savaşı daha da gücləndirəcək. Hər şey qlobalist qüvvələrin bu məğlubiyyətlə razılaşıb-razılaşmayacağından asılıdır. Yeganə ümid ondadır ki, hər iki tərəf olduqca güclüdür və bu savaşın başlaması bütün dünyanı məhv edə bilər. Bəlkə buna görə qlobal güc mərkəzləri savaşdan yayınalar. Əks halda, gözlənilən qlobal dünya savaşı təkcə ölkələr və bloklararası müharibələrlə məhdudlaşmaz, həm də on illərlə davam edən vətəndaş qarşıdurmalarına, hətta dünyanı külə çevirən nüvə savaşlarına yol aça bilər”.

Zaira Akifqızı
Globalinfo.az