“Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8-də Vaşinqtona səfəri həm ABŞ–Azərbaycan münasibətlərinin yeni mərhələyə keçməsi, həm də Azərbaycan–Ermənistan sülh gündəliyinin irəliləməsi baxımından mühüm tarixi mərhələ oldu”.
Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8-9-da ABŞ-a səfəri və ABŞ–Azərbaycan münasibətlərinin transformasiyası barədə danışarkən deyib:
“Bayden administrasiyası dövründə ikitərəfli münasibətlərdə yaranmış siyasi etimadsızlıqdan fərqli olaraq, Donald Tramp administrasiyası Azərbaycanı Cənubi Qafqazın aparıcı siyasi, iqtisadi və geostrateji aktorlarından biri kimi nəzərə alan daha praqmatik yanaşma ortaya qoydu. Vaşinqton görüşləri, Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində əldə olunan razılaşma, ‘907-ci düzəliş’in tətbiqinin dayandırılması ilə bağlı atılan addımlar və regional kommunikasiyaların açılmasını nəzərdə tutan TRIPP təşəbbüsü münasibətlərin sadəcə bərpasından deyil, onların keyfiyyətcə yeni – strateji mərhələyə keçməsindən xəbər verdi.
Sonrakı dövrdə Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında təmasların və qarşılıqlı məktublaşmaların davam etməsi, eləcə də ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri Vaşinqtonda formalaşan yeni siyasi xəttin epizodik deyil, ardıcıl və institusional xarakter daşıdığını göstərdi. Beləliklə, ABŞ–Azərbaycan münasibətlərinin transformasiyası ilə Cənubi Qafqazda dayanıqlı sülhün formalaşdırılması bir-birindən ayrı proseslər deyil, eyni regional strategiyanın bir-birini tamamlayan istiqamətlərinə çevrildi.
Azərbaycan–Ermənistan sülh prosesinin əsas siyasi nəticələrindən biri isə Azərbaycanın hərbi qələbəsini diplomatik və hüquqi-siyasi müstəvidə möhkəmləndirməsi oldu. 2020-ci il Vətən müharibəsindən sonra Bakı münasibətlərin normallaşdırılması üçün beş baza prinsipini irəli sürdü. Bu prinsiplər qarşılıqlı olaraq suverenliyin, ərazi bütövlüyünün və siyasi müstəqilliyin tanınmasını, bir-birinə qarşı ərazi iddialarından imtinanı, güc tətbiqindən və güc tətbiqi hədəsindən çəkinməyi, dövlət sərhədinin delimitasiyası və demarkasiyasını, həmçinin kommunikasiyaların açılmasını nəzərdə tuturdu.
2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisi üzərində suverenliyinin tam bərpa olunması isə sülh prosesində prinsipial yeni reallıq yaratdı. Bununla da uzun illər ərzində Azərbaycan–Ermənistan münasibətlərinin əsas predmetlərindən birinə çevrilmiş Qarabağın statusu məsələsi öz siyasi əsasını itirdi və gündəliyin mərkəzinə iki suveren dövlət arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması məsələsi keçdi.

Züriyə Qarayeva
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması məhz bu ardıcıl siyasi xəttin mühüm nəticəsi kimi qiymətləndirilməlidir. Bu hadisə ayrı-ayrılıqda baş vermiş diplomatik epizod deyil, 2020-ci ildən sonra Azərbaycanın formalaşdırdığı yeni reallığın mərhələli şəkildə siyasi və hüquqi çərçivəyə salınmasının nəticəsidir.
Ermənistanın əvvəlki işğal siyasəti, 44 günlük müharibə zamanı Azərbaycanın dinc şəhərlərinin raket atəşinə tutulması, müharibədən sonrakı dövrdə davam edən revanşist çağırışlar və 2023-cü ilədək mövcud olmuş separatçı rejimin fəaliyyətini davam etdirmək cəhdləri nəzərə alındıqda, Ermənistanın bugünkü sülh gündəliyinə gəlməsi regionda dəyişmiş güc və siyasi reallığın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycanın hərbi-siyasi üstünlüyü əvvəlki status-kvonu aradan qaldırdı, sonrakı diplomatik təşəbbüslər isə yaranmış yeni reallığı sülh gündəliyinə çevirdi.
Bu baxımdan Prezident İlham Əliyevin siyasətinin əsas nəticələrindən biri hərbi qələbənin yalnız müharibənin nəticəsi olaraq qalmasına imkan verilməməsi, onun davamlı təhlükəsizlik arxitekturasına, regional əməkdaşlıq imkanlarına və hüquqi-siyasi sülh çərçivəsinə transformasiya etdirilməsi oldu.
Azərbaycan bu prosesdə yalnız müharibədən qalib çıxmış dövlət kimi deyil, müharibədən sonrakı regional düzənin əsas formalaşdırıcı aktorlarından biri kimi çıxış edir. Bakının irəli sürdüyü beş prinsip, kommunikasiya xətlərinin açılması təşəbbüsü, regional bağlantı layihələri və sülh sazişinin hazırlanması istiqamətində atılan addımlar göstərir ki, Azərbaycan üçün qələbənin məqsədi yalnız ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmayıb. Əsas məqsəd həmin qələbəni yeni regional təhlükəsizlik və əməkdaşlıq sisteminin siyasi əsasına çevirmək olub.
Bu mənada 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan nəticə həm Azərbaycan–ABŞ münasibətlərinin strateji transformasiyasının, həm də Azərbaycan–Ermənistan münasibətlərində müharibə mərhələsindən sülh mərhələsinə keçidin mühüm göstəricisidir”.
Turan Rzayev
Globalinfo.az