Ukrayna müharibəsinin kritik dövrü başlayır – Vaxt açıqlandı

“Ukraynanın şərqində Rusiya müəyyən qədər təşəbbüsü ələ alıb. Müharibə daha ciddi mərhələyə keçib, Ukrayna qoşunları şərq cəbhəsində çətinliklə üzləşir. Ukraynanın hücuma keçməməsi əsasən Qərbdən vəd edilən silahların vaxtında çatdırılmaması ilə bağlıdır. Fevral və mart ayı həlledici mərhələ olacaq”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyası (MCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ABŞ və Avropa ölkələri uzaqmənzilli artilleriya və raket sistemlərini, “Patriot”ları vaxtında təhvil verməsə, Rusiyanın daha çox irəliləməsi qaçılmaz olacaq:

“Baxmut və Soledarda döyüşlər göstərdi ki, Ukraynanın müdafiədə olması onu çətin vəziyyətə salır. ABŞ prosesdə təşəbbüsü ələ almasa, Rusiya müharibənin birinci ildönümündə irəliləyişlərə nail olacaq. Bu da müharibənin davam etməsi deməkdir.

Rusiya Prezidenti Vladimir Putin birmənalı şəkildə müharibəni dayandırmayacaq. Düşünürəm, ABŞ yeni silahları fevral ayında Ukraynaya çatdıracaq. Gələn ay Ukraynanın əks-hücumları gözlənilir. Amma Rusiya da boş oturmur və əks-hücumların qarşısını almaq üçün davamlı hücumlar təşkil edir. Ukraynanın şərq cəbhəsində gedən ağır döyüşlərdə hansı tərəfin qalib olması isə mart ayında aydın olacaq. Rusiya Ukraynanı bir dövlət kimi yox etməyə çalışsa da, cəbhədəki uğurları müvəqqətidir. Ukraynanın əks-hücumları ilə rus ordusunun komplektləşdirilməsi çətin olacaq”.

Gülnar Səlimova
Globalinfo.az