Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsi yazıb. Ötən gün Ukraynada baş nazirin iki müavini, 4 nazir və bir fond rəhbəri istefa ərizələrini təqdim ediblər. Kadr dəyişikliklərinin davam edəcəyi deyilir.
Bu, nədən xəbər verir? İstefaların səbəbi nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, bu istefalar ya keçmişdə baş verən proseslərlə bağlı narazılığı, ya da gələcəkdəki yeni mərhələ üçün hazırlığı ifadə edir:
“Eyni anda bu qədər çox dəyişikliyin baş verməsinin bir neçə səbəbi ola bilər. Korrupsiya və digər məsələlərin də burada yer alması istisna deyil. Ən əsas birinci ehtimal isə rəhbərliyin həmin şəxslərdən narazılığı ilə bağlıdır. Müharibə dövründə yüksək vəzifə tutan bu şəxslərin psixoloji vəziyyəti gərgin olur. Gözlənilən kimi yüz ölçüb, bir biçmirlər. Ciddi nöqsanlara yol verilməsi mümkündür. Dmitri Kuleba istefasının səbəbi kimi də onun tez-tez ABŞ və Qərbi tənqid etdiyi göstərilir. Digər nazirlərin də belə addımlara yol verəcəyi istisna edilməməlidir”.
Sultan Zahidov
Politoloq ikinci versiyası kimi məmurların öz təşəbbüsləri ilə istefa vermələrini irəli sürüb:
“Bəlkə də Ukrayna ilə Rusiya arasında gedən gizli danışıqların nəticələri həmin şəxsləri qane etməyib.
Üçüncü ehtimal isə Zelenskinin Rusiya ilə müvəqqəti atəşkəs imzalamağa razılıq verməsidir. Yəni bu qərardan razı olmayan şəxslərin vəzifədən uzaqlaşması gözləniləndir. Hələlik dəqiq məlumatlar verilmədiyi üçün ümumi ehtimallar çərçivəsində fikir bildirmək mümkündür”.
Safura Bənnayeva
Globalinfo.az