Türkiyənin Niderlanda məğlub olma səbəbi: Əgər Montella bunu etməsə idi…

Avro-2024-ün 1/4 finalında keçirilən oyunda Türkiyə millisinin Niderland yığmasına məğlub olması futbolsevərlər arasında müzakirələrə səbəb olub.

Əksəriyyət məğlubiyyət səbəbi kimi Türkiyə millisinin baş məşqçisi Vinçenso Montellanın seçdiyi taktikanın yanlış olduğunu qeyd edir. Bir çoxları isə iddia edir ki, əgər məşqçi Montella deyil, Fatih Terim olsa idi, türklər ən azından 1/2 finala qədər gəlib çıxa bilərdilər.

Mövzunu Globalinfo.az-a şərh edən idman jurnalisti Ceyhun Rzayev Türkiyə millisinin builki Avropa Çempionatındakı çıxışını normal nəticə hesab etdiyini bildirib.

O, komandanın qrupda qalmadığını, 1/4 finala qədər irəlilədiyini, 1/2 finalın bir addımlığında dayandığını qeyd edib:

“Baş məşqçi Vinçenso Montella çox tənqid olunur, xüsusən Türkiyədəki idman jurnalistləri, şərhçilər tərəfindən. Mən o baxımdan bu tənqidlərə qatılıram ki, komanda bu çempionatda nominal mərkəz hücumçusu olmadan oynadı. Heyətdə təcrübəli Cenk Tostun ola-ola, gah yarımmüdafiəçi Barış Alper Yılmazı, gah da Arda Güləri mərkəz hücumçusu mövqeyində sınadı. Məsələn, yalnız Fatih Terim deyil, istənilən türk məşqçi olsa idi, yəqin ki, ənənəvi sxemdə davam edəcəkdi, beləliklə də hər kəs öz mövqeyində oynayacaqdı. Montellanın isə futbola baxışı fərqlidir. Mərkəz hücumçusunu oynatmadı, yarımmüdafiəçiləri onların yerinə gətirdi”.

C.Rzayevin fikrincə, bu çempionatda Türkiyə millisi yaradıcılıq baxımından hücumda qol vəziyyətləri yaratmaqda sıxıntı yaşayıb:

“Məsələn, Avstriya ilə oyunda hər iki qol standart vəziyyətdən vuruldu. Ondan başqa demək olar ki, qol vəziyyəti yox idi. Sadəcə, artırılan vaxtda Barış Alperin təkbətəki var idi. Baxsaq görərik ki, komanda 90 dəqiqə ərzində oyundan epizod yarada bilmədi. Sırf standart vəziyyətlərdən iki qol vurdu. Dünənki oyunda da Niderlanda qarşı həddən artıq ultra müdafiə taktikası seçmişdi. Aşkar görünür ki, bu komandanın əslində potensialı var. Lakin Montella yox, başqası, tutaq ki, Fatih Terim olsa idi, bəlkə, komanda 1/2 finala çıxa bilərdi. Amma çıxmaya da bilərdi. Çünki futbolda ümumiyyətlə, hansısa bir uğurun konkret formulu yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az