Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konfransda çıxışı zamanı deyib ki, Yaxın Şərqdəki müharibə Türkiyəyə yaxınlaşır. Onun sözlərinə görə, müharibə yaxın zamanda dayanmayacağı təqdirdə daha da genişlənə bilər.
Rəsmi Ankara hansı halda müharibəyə müdaxilə edə bilər? Ərdoğan nə kimi mesajlar verir?
Globalinfo.az-a danışan siyasi şərhçi Aydın Quliyev deyib ki, İsrailin Yaxın Şərqdə dağıdıcı fəaliyyətləri getdikcə güclənir:
“Elə miqyas alır ki, onun təkcə bir terror təşkilatına qarşı olmayan əməliyyat xarakteri aydın görünməkdədir. Böyük narahatlıqlar var ki, İsrail daha uzaq və bölgə üçün çox təhlükəli planların dalınca düşüb. Bu vəziyyət bölgənin ən qüdrətli ölkəsi sayılan Türkiyəni təbii ki narahat etməlidir və edir. İsrailin bugünkü əməliyyatları Türkiyənin bölgə siyasətinə getdikcə daha zidd xarakter alır.
Türkiyənin reaksiyası birinci növbədə hamıya mesajdır ki, İsrailin əl-ayağı vaxtında yığışdırılmasa, bölgəni bürüyəcək yanğını heç kim söndürə bilməz. Digər tərəfdən, İsrail artıq azı 6-7 bölgə dövlətinin suveren maraqlarına zidd ərazi iddiasını açıq ifadə edib”.
Aydın Quliyev
Siyasi şərhçinin sözlərinə görə, bölgənin suveren dövlətləri olan Livan, Suriya, Misir, Yəmən, İraq, İordaniyaya qarşı İsrailin siyasəti həm də Türkiyə üçün təhdiddir:
“Hazırda Türkiyə proseslərə müdaxilə etmir və yalnız xəbərdarlıqla kifayətlənir. Təbii ki, Türkiyənin indiki mövqedən açıq və daha fəal müdaxiləyə keçə biləcəyi məqamlar var. Bu məqamlar tək o deyil ki, İsrail birbaşa Türkiyə ərazilərinə zərbə endirsin. Bu, olmaya da bilər. Ancaq İsrailin qonşulara qarşı yerüstü əməliyyatları genişlənərsə, xüsusilə müsəlman toplumların humanitar fəlakəti, soyqırımı siyasəti dayandırılmazsa, bunlar Türkiyənin hərbi müdaxiləsinə gətirib çıxara bilər. Türkiyənin hərbi müdaxiləsi ilk anlarda müdafiə xarakterli olacaq. Sonra isə nə şəkil alacağı İsraildən asılı olacaq. Bu bölgənin müsəlmanları 400 il Osmanlının himayəsində olub. Bu 400 ildə bölgədə müsəlmanlara qarşı heç bir soyqırımı olmadı. Ancaq İsrailin 60 ildə, xüsusən də son 1 ildə müsəlmanlara qarşı etdikləri ağılalmaz səviyyədədir. Türkiyənin bu bölgənin müdafiəsiz müsəlmanları üzərində mənəvi himayə missiyası var. İsrail bu amili xüsusi nəzərə almalıdır. Türkiyənin bölgədə daha fəal hərbi tədbirlərə əl atmaması üçün bu gün çox şey İsraildən asılıdır”.
Safura Bənnayeva
Globalinfo.az