Türkiyə ilə birgə fəaliyyətimiz daha da genişlənəcək – Nazir

“Ortaq türk mədəniyyətinin dünyada təbliği istiqamətində Türkiyə ilə birgə fəaliyyətimiz daha da genişlənəcək”.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bunu Türkiyədə səfərdə olan, Türkiyə-Azərbaycan müştərək komissiyasının 3-cü toplantısında iştirak edən mədəniyyət naziri Adil Kərimli bildirib.

İki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən nazir deyib ki, bu il həm Azərbaycan, həm Türkiyə, həm də türk dünyası üçün əlamətdar günlərlə yadda qalmaqdadır: “Türk dünyasının əvəzedilməz liderlərindən olan, Ümummilli Lider Heydər Əliyevin yubileyi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 30 illiyi, eyni zamanda türk dünyası və Azərbaycan üçün vacib olan Şuşa Türk dünyasının mədəniyyət paytaxtı oldu. Düşünürük ki, bütün bunlar hər birimiz üçün çox önəmli hadisələrlə yadda qalacaq”.

Nazir qeyd edib ki, ölkələrimiz arasında münasibətlər ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər kimi sarsılmaz təməllər üzərində qurulub: “Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb-yaratmışlar. Bu illər ərzində həm siyasi, həm iqtisadi, həm də mədəni sahədə bir çox nailiyyətlərimiz olub. Dövlət başçılarımız tərəfindən ali səviyyədə nümayiş edilən qardaşlıq və dostluq münasibətləri bütün sahələrdə, eləcə də mədəniyyət sahəsində də uğurla davam etdirilir və düşünürük ki, bundan sonrakı fəaliyyətlərimiz, Türkiyə-Azərbaycan mədəni əlaqələri və ortaq türk mədəniyyətinin dünyada təbliği istiqamətindəki birgə fəaliyyətimiz daha da genişlənəcək, güclənəcək”.

Azərbaycan və Türkiyənin dünyada ortaq türk mədəniyyətinin, mədəni irsinin tanıdılması üçün mühüm işlər gördüyünü vurğulayan nazir bu istiqamətdə UNESCO, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun bütün əməkdaşlıq qurumları çərçivəsində çox uğurlu layihələri birgə həyata keçirdiyini qeyd edib: “Xüsusilə, Azərbaycan və Türkiyə tərəfindən irəli sürülən və geniş tətbiq edilən bu layihələr Türk dünyası üçün çox vacibdir. Bu il Şuşa – Türk Dünyasının Mədəniyyət Paytaxtı çərçivəsində Qorqud Ata film festivalı, Birinci Türk dünyası mədəniyyət forumu, TÜRKSOY çərçivəsində həyata keçirilən İkinci Türk Teatrları Festivalı, uğurla həyata keçirildi. Düşünürük ki, bundan sonra da bu cür layihələri reallaşdıracağıq”.

Adil Kərimli Birinci Türk Dünyası Mədəniyyət Forumunun əhəmiyyətini dövlət başçılarının Astana forumunda da vurğuladıqlarını qeyd edib: “Astanada Türk dünyası mədəniyyət forumunun əhəmiyyətli platforma kimi genişləndirilməsi, onun hər il keçirilməsinə ciddi önəm verilmişdi. Türk dünyasının ortaq problemlərinin həll edilməsi üçün Türk dünyası mədəniyyət forumunun və ondan sonra keçiriləcək forumların böyük əhəmiyyəti olacaq”.

Nazir deyib ki, Türkiyə və Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini əhatə edən mədəni irsimiz, ortaq türk mədəni irsi və eyni zamanda, digər mədəni sahədə qarşılıqlı məqamları birgə müzakirə edərək onların daha da inkişafı istiqamətində birgə işlər həyata keçiriləcək.