Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin nə vaxt imzalanacağı ilə yanaşı Türkiyə-Ermənistan münasibətlərinin nə zaman normallaşacağı, sərhədlərin açılıb-açılmayacağı da sual doğuran məqamlardır. Türkiyə və Ermənistanın Xüsusi Nümayəndələri sonuncu dəfə avqust ayının əvvəlində görüş keçiriblər. Onlar iki ölkə arasında dəmir yolunun fəaliyyəti üçün lazımi texniki tələblərin qiymətləndirilməsinə də razılaşıblar. Lakin bundan sonra tərəflər arasında heç bir təmasın baş verməməsi ictimaiyyətdə maraqla qarşılanıb.
Türkiyə-Ermənistan münasibətləri, danışıqları nə yerdədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması ilə bağlı rəsmi Ankaranın mövqeyi aydındır:
“Azərbaycanla Ermənistan bölgədə davamlı sülhün təmin olunmasına töhfə verə biləcək sülh müqaviləsi imzalanmadan Türkiyə-Ermənistan münasibətləri indikindən uzağa getməyəcək.
Hazırda Paşinyan və himayədarlarının əsas məqsədi Ermənistanın Türkiyə ilə münasibətlərinin sülh müqaviləsi imzalanmadan, yaxud “sülh müqaviləsi” adında prinsipial müddəaların yer almadığı bir sənəd imzalamaqla normallaşmasına nail olmaqdan ibarətdir. Burada iki vacib məqam var.
Elçin Mirzəbəyli
Birinci və ən önəmli məqam Ermənistan və bəzi Qərb dairələrinin Azərbaycanla alayarımçıq, yəni Ermənistanın konstitusiyasında və digər hüquqi-normativ aktlarında dəyişiklik etmədən, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklər yerinə yetirilmədən, sərhədlərin delimitasiyası ilə bağlı rəsmi Bakının reallığa və ədalətə söykənən mövqeyi nəzərə alınmadan “sülh müqaviləsi”nin imzalanmasına nail olmaqdır. Eləcə də bundan sonra sözügedən faktı Türkiyə ilə sərhədlərin açılması üçün əsas kimi göstərəcəklər. Çünki Türkiyə ilə sərhədlərin və kommunikasiyaların açılması Ermənistanın Qərbin birbaşa təsir və nüfuz dairəsinə düşməsi, Rusiyanın iştirakı olmadan iqtisadi cəhətdən mövcudluğunu təmin etmək üçün əsas şərtdir”.
Politoloqun sözlərinə görə, nə İran, nə də Gürcüstan Ermənistanın Rusiyadan tamamilə çıxması üçün alternativ yoldur:
“Azərbaycan isə heç bir halda, Ermənistan konstitusiyası və digər hüquqi-normativ aktlarından ölkəmizə qarşı ərazi iddiaları çıxarılmadan, eləcə də digər, məsələlər həll olunmadan İrəvanla sülh müqaviləsi imzalamayacaq. Çünki bu halda “sülh müqaviləsi” adlanan sənəd heç bir əsaslı hüquqi qüvvəyə malik olmayacaq və günlərin birində Ermənistanın “sülh müqaviləsi”nin konstitusiyaya zidd olduğunu iddia etməsi üçün əsas verəcək. Digər paralel istiqamət isə, bütövlükdə sülh müqaviləsi imzalanmadan Türkiyə ilə kommunikasiyaların açılmasına, birbaşa diplomatik və iqtisadi münasibətlərin qurulmasına nail olmaqdan ibarətdir. Bu baş verərsə, Ermənistan “çıxış yolu” tapdığını əsas götürərək, sülh prosesini daha da uzadacaq. Bu halda, Türkiyə-Azərbaycan münasibətlərinin, yenidən avantürist və bədnam “Sürix protokolları” dövrünə qaytarılması üçün zəmin yaranacaq. Şübhəsiz ki, sonuncu versiya tamamilə istisna olunur, amma bununla yanaşı, biz ən müxtəlif kombinasiyalarla buna cəhdlərin edildiyini görürük.
Mövcud mənzərə və reallıqlar onu deməyə əsas verir ki, real və sülhə tam hüquqi təminat verən müqavilə imzalanmadan Türkiyə-Ermənistan münasibətləri indiki kimi qalacaq”.
Safura Bənnayeva
Globalinfo.az