Türkiyə ermənisi İrəvanda təşviş yaratdı: Paşinyandan kritik bəyanat

ermensitan irevan 1

“Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən və Azərbaycanın Qarabağda həyata keçirdiyi bir günlük antiterror əməliyyatından sonra bölgədə formalaşan reallıqları anlamağa başlayıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Paşinyan nəticə olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur qalıb:

“O, ATƏT-in Minsk Qrupundan imtina edib, “soyqırımı tanıtma” siyasətinin Ermənistana faydası olmadığını bildirib, üstəgəl Zəngəzur dəhlizinin yubadılmasının İrəvana zərərini anlamağa başlayıb. Paşinyana müxalif olanlar isə hələ də xülya ilə yaşayır, ermənilərə, “güclənib Azərbaycana cavab verəcəyik”, – kimi nağıllar danışırlar. Türkiyədə terrorçu PKK-nın siyasi qanadı olan HDP-nin erməniəsilli keçmiş millət vəkili Garo Paylan da eyni ağıldadır. İrəvanda ermənilərə deyib ki, “Ermənistanın Azərbaycana cavab verməsi üçün 3-5 il lazımdır. Vaxt qazanmaq üçün sülh müqaviləsi imzalanmalıdır”. Ermənistan sülh müqaviləsi imzalasa da, imzalamasa da, vaxt qazana bilməyəcək. Əksinə, Azərbaycanla məsələlərin həlli əvəzinə vaxtın uzadılması İrəvanın əleyhinə işləyir”.

E.Şahinoğlu Azərbaycanın Birinci Qarabağ müharibəsindən lazımi dərslər çıxararaq İkinci Qarabağ müharibəsində qələbə qazandığını bildirib:

“Bundan sonra 100 dəfə də müharibə olsa, hamısında Ermənistan üzərində qələbə qazanarıq. Paylan kənardan xalqını müharibəyə hazırlaşmağa həvəslədirərkən, vəziyyəti Türkiyə ermənisindən doğru təhlil etməyi bacaran Paşinyan Bakı və Ankara ilə düşmənçiliyin Ermənistanı uçuruma apardığının fərqindədir. Nikol Paşinyan bircə addım ataraq konstitusiyada zəruri dəyişikliklərə getməklə sülh sazişinin imzalanmasını təmin edə bilər. Ancaq onu da unutmamalıyıq ki, Paşinyandan sonra hakimiyyətə revanşistlər gələrsə, onlara yenidən reallıqları izah etmək  məcburiyyətində qala bilərik”.

Zaira Akifqızı
Globalinfo.az