tramp qelem

ABŞ-da hakimiyyətə gələn Prezident Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşmək və Ukraynadakı müharibəni tez bir zamanda dayandırmaq niyyətində olduğunu bildirib.

“Yarım gün keçdi. Məndə ehtiyatda hələ yarım gün var. Bu vaxtadək həll etmək istəyirik”- deyə Tramp qeyd edib.

Tramp Putini sülhə razı sala biləcəkmi?

Globalinfo.az-a danışan politoloq Sahil Kərimli deyib ki, Trampın ABŞ-da prezident kimi fəaliyyətə başlaması yaxın dövrlərdə dünyada baş verən geosiyasi proseslərə müəyyən qədər müsbət təsir edəcək:

“Tramp həm seçkiqabağı kampaniyasında, həm də andiçmə mərasimində verdiyi bəyanatlarda bu istiqamətdə bir çox ümidverici, nikbin fikirlər səsləndirib. O, söz verdiyi kimi İsrail və HƏMAS arasında atəşkəsin əldə olunmasına nail oldu. Növbəti addım kimi Rusiya və Ukrayna arasında atəşkəsin imazalanmasının şahidi ola bilərik.

Rusiya Prezidenti Vladimir Putin dünən Donald Trampı təbrik edərkən müəyyən qədər Rusiya-ABŞ münasibətlərinin yumşalması ehtimallarının böyük olduğunu hiss etdik. Rusiyanın müəyyən maraqları var və danışıqlar prosesində geri çəkilmək niyyətində deyil.

sahil kerimli

Sahil Kərimli

Donald Trampın ilk hakimiyyəti illərində Rusiyaya qarşı loyal münasibət sərgiləməsi fonunda bu dəfə də iki ölkə arasında normal münasibətlərin olması gözləniləndir”.

Politoloqun sözlərinə görə, ABŞ Rusiyaya qarşı tətbiq edilən sərt iqtisadi sanksiyaların yumşalması istiqamətində addımlar ata bilər:

“Tramp və Putin ortaq məxrəcə gələ bilərsə, sözügedən proses də qısa müddətdə həllini tapacaq. Çünki bu sanksiyalar bumeranq effekti daşıyır. Onu tətbiq edən ölkələr də iqtisadi geriləmələr yaşayır. Dünyada yeni geosiyasi, geoiqtisadi proseslər başlayacaq. Burada Tramp və Putin böyük rol oynayacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: