esas

Xəbər verdiyimiz kimi, ABŞ-a məxsus xüsusi təyinatlı təyyarə Skandinaviya ölkələrinin səmasında görünüb. “Boeing WC-135R Constant Phoenix” ABŞ Hərbi Hava Qüvvələrinə (USAF) məxsus “nüvə izləyicisi”dir. Missiyası atmosferdəki radioaktiv hissəcikləri aşkar etmək, nüvə partlayışlarını izləmək, beynəlxalq müqavilələrin yerinə yetirilməsinə nəzarət etmək və nüvə silahlarının yayılmasına qarşı kəşfiyyat aparmaqdır. Yalnız ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur.

Bu təyyarə niyə həmin coğrafiyada görünüb? Xüsusi təyinatlı təyyarə o ərazilərdə atmosferə nüvə sızmasının olub-olmadığını yoxlayır? Bəşəriyyət nüvə müharibəsi təhlükəsi ilə üz-üzədirmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, “WC-135R Constant Phoenix”-in Skandinaviya səmasında görünməsi avtomatik olaraq “nüvə hadisəsi baş verib” demək deyil:

“Bu tip uçuşların bir neçə mümkün izahı var, əksəriyyəti planlı və preventiv xarakter daşıyır. Son dövrlər NATO-nun şimal cinahı kəskin şəkildə dəyişib. Skandinaviya ölkələri (xüsusilə Norveç və Finlandiya) Rusiya ilə sərhəddə yerləşir. Finlandiya da Alyansa qoşulduqdan sonra Rusiya ilə NATO sərhədi təxminən iki dəfə artıb. Skandinaviya ilə üzbəüz yerləşən Kola yarımadası isə Rusiyanın ən kritik bölgələrindəndir. Belə ki, Rusiyanın şimal donanması, strateji nüvə sualtı qayıqları buradadır. Həmçinin qitələrarası ballistik raket daşıyan platformalar, Arktika hava müdafiə sistemləri də burada cəmləşib. Bu səbəbdən ABŞ və NATO həmin bölgədə nüvə obyektlərinin vəziyyətini, mümkün sınaqları, raket və ya reaktor insidentlərini monitorinq edir”.

anar isayev e1749107108478

Anar İsayev

Ekspert qeyd edib ki, “WC-135R”in bölgəyə göndərilməsinə bir neçə səbəb ola bilər:

“Əvvəla, ABŞ mütəmadi olaraq planlı şəkildə potensial risk zonalarında fon səviyyəsini ölçür. Bu, standart prosedurdur. İkincisi, şübhəli siqnal və ya texniki insident araşdırıldıqda, məsələn, hər hansı seysmik siqnal və ya peyk müşahidəsi qeydə alınarsa, göndərilə bilər. Üçüncüsü, fikrimcə, ən əsas səbəb Rusiyanın hərbi aktivliyidir – Arktika və ya Şimal Donanması ətrafında intensiv təlimlər ola bilər. Yəni bu cür uçuşlar çox vaxt “ehtiyat tədbiri” xarakteri daşıyır. Atmosferdə sızma axtarışı niyə vacibdir? Bəzən nüvə partlayışı və ya qəza dərhal aşkar edilməyə bilir, lakin radioaktiv izotoplar (məsələn, ksenon qazı) havada qalır. Belə halları xüsusi avadanlıqla min kilometrlərlə uzaqdan müəyyənləşdirmək mümkündür. “WC-135R” də məhz bunu edir”.

Anar İsayev bildirib ki, hazırkı geosiyasi vəziyyətdə ABŞ–Rusiya münasibətləri gərgin olaraq qalır:

“Bu da özlüyündə NATO-nun şimal cinahını gücləndirməyi şərtləndirir. Demək olar ki, hazırda Arktika regionu strateji rəqabət zonasına çevrilib. Amma açıq nüvə müharibəsi ehtimalı hələ də aşağı qiymətləndirilir. Çünki nüvə silahına malik dövlətlər birbaşa qarşıdurmadan çəkinirlər. Bu tipli monitorinq uçuşları da çox vaxt eskalasiyanın yox, nəzarətin göstəricisidir. Ona görə də ABŞ şimal bölgəsində artan hərbi aktivlik fonunda preventiv radioloji monitorinq aparır. Bu, “müharibə başlayır” siqnalı deyil, daha çox “nə baş verdiyini bilmək istəyirik” mesajıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: