Tovuzda evlənmək üçün qaçan qızın atası hər şeyi danışdı: “Oğlan mənə dedi ki…” – EKSKLÜZİV

“Qızımın evlənmək məqsədilə qoşulub qaçdığı oğlanı tanımırıq. Xaçmaz hara, biz hara?! Qızımın danışdığı şəxsin Cəlilabad rayonundan olduğunu bilirdik”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında 5 gün öncə Tovuz rayonundan itdiyi deyilən 13 yaşlı Ə.Tağıyevanın atası Mətləb Tağıyev deyib.

Ata bir neçə gün öncə qızını qaçıran şəxslə danışdığını bildirib:

“Qızım qaçmamışdan bir neçə gün əvvəl həmin oğlanla özüm şəxsən danışmışam. Ona qızımın azyaşlı olduğunu, hələ məktəbdə oxuduğunu dedim və uşağımdan əl çəkməsini tələb etdim. O adam da mənə “əmi, baş üstə, bu gündən Əfsanəyə daha zəng etmərəm, blok edəcəm” dedi. Bu məsələdən 2-3 gün sonra bunlar vatsap vasitəsilə danışıblar, ya necəsə olub, artıq qoşulub qaçıblar”.

M.Tağıyev oğlanın özünü hərbçi kimi təqdim etdiyini deyib:

“Əvvəla, oğlan cəlilabadlı olduğunu və hərbidə çalışdığını demişdi. İndi də deyilir ki, xaçmazlı imiş, heç hərbçi də deyilmiş. Hətta onun 21 yaşı olduğu bildirilir”.

M.Tağıyev vurğulayıb ki, qızı qaçdıqdan sonra xalası ilə əlaqə saxlayıb:

“Qızım qaçdıqdan sonra baldızıma 2 dəfə zəng edib. Birində 3, digərində isə 1,5 saat danışıb və qaçdığını deyib. Xalası bizə deyən kimi Tovuz rayon polis idarəsinə məlumat verdim”.

M.Tağıyev qızına təyziq etmədiyini qeyd edib:

“Biz çox kasıb ailəyik. Yoldaşım baramaçılıqla məşğul olur, özüm isə gedib qapılarda 5-10 manat çörəkpuluna işləyirəm. Anası da, mən də zəhmətlə, borc-xərclə Əfsanəyə əyin-baş almışıq, nə istəyibsə, kasıb olsaq da, etməyə çalışmışıq”.

Ata deyib ki, qızı qaçan günü sanki evdəkilərlə vidalaşırmış:

“Həmin günü mənim üzümdən öpüb, deyib-gülüb. 20 qəpik də pul verib, məktəbə yola salmışam. Sonuncu dərsə kimi məktəbdə olub. Daha sonra evə gəlib, qardaşı və bacısı ilə birlikdə babasıgilə gedib. Yoldaşım da gəlib atası evinə çörək yeməyə. Bundan sonra Əfsanə evə gəlmək istəyib, yoldaşım da evin açarını verib, onu yola salıb”.

Mətləb Tağıyev qızı ilə arasında inciklik olmadığını deyib:

“Əfsanə gedəndə məktub yazıb ki, “bu ay olmasa da, növbəti ay gedəcəkdim. Versəniz də, verməsəniz də həmin oğlanla evlənəcəm”. Bundan əvvəl oğlanla danışdığını biləndə onu qarşıma qoyub başa salmışam ki, qızım, sənin evlənən vaxtın deyil, məktəbi bitir, əlində bir sənətin olsun. O da guya razılaşdı. İnanın ki, aramızda heç bir inciklik olmadı. Gəlib qonşulardan da maraqlana bilərsiniz ki, mən və yoldaşım necə valideynik. Əfsanədən başqa bir oğlum və bir qızım var, amma heç birini sıxmamışıq”.

Zaira Akifqızı
Globalinfo.az