Tələbə arvadını və körpəsini öldürən şəxsin məhkəməsidir

Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə başlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəmınin hazırlıq iclası keçirilib.

Hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə iş üzrə məhkəmənin baxış iclası fevralın 1-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.